Bu qurum hesabatlarında öz obyektivliyini qoruya bilmir- deputat Ceyhun Məmmədov
29.05.2020

“Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətinə qarşı növbəti bəyanatla çıxış edib. Bəyantda bildirilir ki, Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib.

Amnesty International Təşkilatının bu bəyanatına münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Visiontv.az internet televiziyasına verdiyi müsahibədə qeyd etdi ki, karantin rejimi təkcə Azərbaycanda deyil dünyanın əksər ölkələrində tətbiq olundu: “Azərbyacan bir çox ölkələrdən fərqli olaraq pandemiya dövründə nümunəvi mövqe nümayiş etdirdi. Operativ və qətiyyətli qərarlar qəbul etdi. Hakimiyyətin müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlaması ilə bağlı iddiaya gəldikdə isə bunun heç bir əsası yoxdur. Hansı genişmiqyaslı təqib kampaniyasından söhbət gedir? Pandemiyadan əvvəl müxalifət necə fəaliyyət göstərirdisə pandemiya dövründə də eyni fəaliyyəti nümayiş etdirdi və deyərdim ki, əvvəlki dövrlərdən daha aktiv olmağa çalışdı.

Qeyd etməliyəm ki, qaydalar kimliyindən asılı olmayaraq hər kəsə eyni tətbiq edildi istisnasız. Hər kəs qaydalara əməl etməlidir. Əgər kimsə qaydanı pozubsa cəzalandırılıb. Təəssüf ki, bu qurum bir çox hesabatlarında öz obyektivliyini qoruya bilmir, Azərbaycan qarşı qərəz nümayiş etdirir”.