Bu ilin doqquz ayında "Şahdəniz"dən 12,2 mlrd. kubmetr qaz hasil edilib
05.11.2019

Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 481 mln. ABŞ dolları əməliyyat xərcləri və 818 mln. dollardan artıq əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Visiontv.az xəbər verir ki, BP şirkətindən APA-ya verilən məlumat görə, doqquz ay ərzində yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 12,2 mlrd. kubmetr qaz və təqribən 2,6 mln. ton (21 mln. barel) kondensat hasil edilib.

Ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə 20 mlrd.) kubmetrdir.

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hal hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu və şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.