Bu gündən Azərbaycanda toy olmayacaq - Qadağa qüvvəyə mindi
16.03.2020

Bu gündən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağandır.

Visiontv.az xəbər verir ki, koronavirus təhlükəsi səbəbilə Azərbaycanda martın 14-dən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınsa da, toy məclisləri üçün iki gün güzəşt edilmişdi.

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan olunub. Buna görə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.

Cümə günü elan edilən qərara əsasən, dəfn mərasimləri istisna olmaqla, qapalı məkanlarda keçirilən yas yığıncaqlarına qadağa qoyulur. Eynilə 14 və 15 mart tarixlərinə əvvəlcədən təyin olunmuş toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsinə də icazə verilmir.

Başqa tədbirlərlə yanaşı, restoran və kafelərin iş rejimi də dəyişdirilir. Belə obyektlər axşam saat 9-dək işləyə bilər. Bu saatdan sonra işləyən klub və barların fəaliyyəti isə tamamilə dayandırılır.