Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir
05.03.2023

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən Visiontv.az-a verilən məlumata görə, imtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulur.

Bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları buraxılış imtahanı keçirilir.

İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).