Bu gün səfər ayının iyirmisi Ərbəin günüdür
27.09.2021

Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si müsəlmanların üçüncü imamı həzrət İmam Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

Visiontv.az xəbər verir ki, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır. Kərbəlada İmam Hüseyn (ə) və silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə paytaxt Şama Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxa bilməmişdi. Lakin sonradan Ubeydullah ibni Ziyad onu öldürmək istəsə də xəstə olduğundan qətl fikrindən daşınmışdır.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

Buna görədir ki, hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.

Ötən ilki kimi bu ildə də Ərbəin mərasimi başqa ictimai ayinlər kimi koronavirus pandemiyasına görə məhdudiyyətlər tətbiq edilməklə keçirilir. Bu il Ərbəin ziyarətində İraq əhalisindən əlavə təqribən 150 min civarında xarici zəvvarın qatıldığı deyilir.

Hər il Ərbəin ziyarətinə Azərbaycan Respublikasından on minlərlə zəvvar yollanırdı. Lakin bu il koronavirus pandemiyasına görə məhdud sayda zəvvar yalnız hava yolu ilə Kərbəlaya yola düşüblər. Bu ilin Ərbəin günü 44 günlük vətən müharibəsinin başladığı günə və şəhidlərimizin anım gününə təsadüf edir. Məhz belə bir gündə İmam Hüseyn aşiqləri olan inanclılar fədakarlığı Qarabağ cəbhəsi yolunda axtarmağa başladılar. Səfərbərlik başlayan gündən inanclıların xüsusi aktivliyi açıq aşkar göründü. İmam Hüseyn fədakarlığı və şəhadət məktəbi bir daha tarixdə öz izini buraxdı və bu şəhidlik  ruhiyyəsi sayəsində yeddi rayonumuzu və Şuşanı Erməni işğalından azad etdik.