“Bu gün Kərbəla meydanı–Azərbaycandakı vətənpərvərlik meydanıdır
“Bu gün Kərbəla meydanı–Azərbaycandakı vətənpərvərlik meydanıdır
04.10.2021 Elbəyi Həsənli Tərəfindən

İnanılmaz görünə bilər. Ancaq bu faktdır ki, İsveçrədə qadınlara yalnız 1971-ci ildə səsvermə hüququ verilib. Hətta o vaxt bir çox isveçrəli qadın küçələrə çıxıb etiraz edirmiş ki, bizə səsvermə hüququ lazım deyil. Siyasət kişilərin işidir. Qadınlar evdə oturub uşaq saxlamalıdır...

İndi də Azərbaycanda bu tip cahil qadınlar ortaya çıxıb. İranın molla rejiminin müdafiəsi üçün özlərini öldürürlər. "Ölülər" əsərindəki personajların çağdaş nümunələri özünə əl qatıb. Azərbaycana münasibətdə İsfahan lotusu düşüncəsində olan İran mollalarının təbliğatı üçün çadralı qadınlar növbəyə düzülüblər. Dəhşətli mənzərədir. Etiraf edim ki, belə şeylər insanı sarsıdır. Axı dul qalmış gəlinləri hər yoldan keçənə siğə edən təfəkkürü Azərbaycan qadını necə müdafiə edə bilər?

Cəlil Məmmdəquluzadə (1866-1932) “Molla Nəsrəddin” jurnalının 1909-cu il 11 yanvar tarixli nömrəsində yazırdı: “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

Bəli, ustadın dediyi kimi, “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır”. O taylı, bu taylı Azərbaycanın hər bir övladı vətənpərvər olmalıdır. Azərbaycan davası aparmalıdır. Azərbaycanın birliyinə, bütövlüyünə düşmən kəsilən ideologiyanın daşıyıcısına çevrilməli deyil. XXI əsrdə manqurt olmaq, milli kimliyini saqqalı xınalı mollalara qurban vermək rəzalətdən başqa bir şey deyil.

Allah Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. Bu söhbətin üstündən yüz ildən çox vaxt keçib. Bu millətin içində hələ də İsfahan lotularının dalınca düşüb sülənənlər, yada yalaq olanlar var...

Elbəyi Həsənli

Visiontv.az