4.06.2020
Axtar
Ölkə
alt

"Bu gün çoxlu sayda gənc Milli Məclisdə təmsil olunur"-millət vəkili Ceyhun Məmmədov

Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar.

Visiontv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, ölkəmizdə hər zaman gənclərə yüksək qayğı olub, dövlət bu sahəyə xüsusi diqqətlə yanaşıb:

“Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün sağlam gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva öz çıxışlarında davamlı olaraq gənclərə müraciət edirlər. Onları ölkənin ictimai həyatında aktiv olmağa, daima öz üzərlərində işləməyə, peşəkar bilik və bacarıqlarını artırmağa çağırırlar.

Gəncliyin yetişməsində güclü təhsilin rolu böyükdür. Son illər ölkəmizdə bu sahədə də ciddi tədbirlər həyata keçirilib, bir sıra uğurlar əldə edilib. Təhsil sahəsində mühüm islahatlara başlanılıb, yeni təhsil müəssisələri, ixtisaslar yaradılıb. Əsas məqsədlərdən biri təhsilimizn səviyyəsini dünya standartlarına çatdırmaq və rəqabətədavamlı təhsil sistemi qurmaqdır”.

Deputatın sözlərinə görə, eyni zamanda, son illər dövlət proqramları xətti ilə çoxlu sayda gənc xaricə təhsil almağa göndərilib:

“Bu gün onlar fəaliyyətlərini həm dövlət qurumlarında, həm də özəl sahədə uğurla davam etdirirlər. Azərbaycanda bilikli və peşəkar gənc kadrların bir sıra mühüm postlara təyin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Son illər çoxlu sayda perspektivli gənc müxtəlif sahələrdə mühüm postlara təyinat alıblar. Hazırda bu siyasət uğurla davam etdirilir.

Bildiyiniz kimi, 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərində də bu məsələyə xüsusi diqqət yetirildi. Bu gün çoxlu sayda gənc Milli Məclisdə təmsil olunur, qanunvericilik bazasının təkmilləşməsində yaxından iştirak edirlər.

Bu gün gənclərimizin də üzərinə böyük vəzifə düşür. Dövlətimizin onlardan gözləntiləri çoxdur. Onlar daim üzərlərində işləməli, bilik və bacarıqlarını artırmalıdırlar. Bu gün dövlətimiz üzərinə düşəni edir. Bu sahəyə gənclər də öz töhfələrini verməlidirlər.

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində qeyd qeyd olunduğu kimi, gənclər xoşagəlməz hallara qarşı mübarizədə də aktiv olmalıdırlar. Dövlətimiz ətrafında sıx birləşərək Azərbaycan həqiqətlərinin təbliğində, Azərbaycana qarşı bir sıra hallarda aparılan şər və böhtan kampaniyalarına da qarşı barışmaz mövqe nümayiş etdirməlidirlər”.

Şərh