Bu dövlət qurumları özəlləşdirilir – Fəzail Ağamalı
07.08.2020

Ölkə başçısının dünənki videokonfransdakı çıxışı aparılan islahatların yeni mərhələsinin anonsu kimi qiymətləndirilməlidir.

Visiontv.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısı dünən dövlətin bir sıra xidmət sahələrinə göstərmiş olduğu maliyyə yardımı və bunun müqabilində həmin sahələrin buna adekvat olaraq addımlar atmasında problemlərin mövcudluğunu açıq şəkildə önə çəkdi. AVP sədrinin fikrincə, ölkə Prezidentinin söylədiyi fikirlərdən çıxarılan nəticə odur ki, həmin sahələrdə fəaliyyətin yenidən qurulmasına ciddi ehtiyac duyulur:

“Ola bilsin ki, bir sıra dövlət qurumlarında özəlləşmə gedə bilər. Fikrimcə, özəlləşmə aparıla biləcək dövlət qurumlarından biri AZAL-dır. Faktiki olaraq, hava limanı dövlətin nəzarətindədir. Lakin orada AZAL-la yanaşı, digər şirkətlər də xidmət göstərə bilər. Yəni təyyarələri olan digər şirkətlərin də icazə aldıqdan sonra AZAL-la birgə hava limanının xidmətlərindən istifadə etməsi mümkündür. Məncə, təyyarələr, gəmilər, o cümlədən dəmir yolunda vaqonlar özəlləşdirilməlidir. Qurumlar isə dövlətin mülkiyyətində qalmalıdır”.

Fəzail Ağamalının fikrincə, enerji və digər xidmət sahələrində də özəlləşmə aparmaqla dövlətin üzərindən xeyli yükün götürülməsi mümkündür:

“Çıxardığım nəticə odur ki, ölkə Prezidenti məhz bu sahələrdə yeni yanaşmaların anonsunu verdi. Əminəm ki, yaxın günlərdə biz həmin anonsun konkret nəticələrini ifadə edən addımların şahidi olacağıq”.