Bu dəfə iqtisadiyyatda bazar mövzusuna toxunacam - Elman Sadıqov
Bu dəfə iqtisadiyyatda bazar mövzusuna toxunacam - Elman Sadıqov
08.06.2021 Elman Sadıqov Tərəfindən

Nədir bu bazar və ya tez-tez səsləndirdiyimiz bazar iqtisadiyyatı? İqtisadi nəzəriyyə və kitablardakı tərifləri təkrar etməyəcəm. Sizə bazarı fərqli və (iqtisadçı olmayan dostları da nəzərə alaraq) müqayisəli bir şəkildə izah etməyə çalışacam. Nə ilə müqayisə edəcəm?

Mövcudluğumuzu borclu olduğumuz təbiətlə..

İqtisadiyyatda bazar və içərisində yaşadığımız təbiət... eyni xüsusiyyətlərə malik olan və insan oğlunun yaranışından bəri yavaş-yavaş inkişaf edən 2 böyük və sirli aləm.

Təbiət də öz-özünü inkişaf etdirir, bazar da.. Bir şərtlə. Kənar müdaxilə olmasın. Hətta bu müdaxilə olsa da, təbiət də, bazar da yenidən özünə gələ bilir, bərpa oluna bilir. Amma, təki kənar müdaxilələr davamlı və sərt olmasın. Təki insan təbiət və bazarla prinsip aparmasın, onu məhv etməyə çalışmasın.

Təbiətin də acı çəkəndə, korlananda qayğı, tənzimləmə üçün müdaxiləyə ehtiyacı olur, bazarın da. Bu müdaxilə doğru və vaxtında olanda pozuntular aradan qalxır, təbiət də, bazar da yenidən nəfəs alaraq daha da canlanır.

Təbiət də yeri gələndə qəddar olur, bazar da. Elə-belə söz xatirinə deyiləcək qəddarlıq demirəm. İnsanın sonunu gətirəcək, məhv edəcək amansız qəddarlıq deyirəm. Təbiətin də intiqamı ağır olur, bazarın da.

Bəşəriyyətə və insan övladlarına təbiət və bazarın çağırışı vardır.

Hər ikisi insan oğluna deyirlər ki: "Bizim Sizi bəsləməmiz, böyütməmiz, sağlam yaşatmağımız üçün bizə qayğı göstərin, özümüzü tənzimləməyimizə şərait yaradın, müdaxilə etməyin. Siz bizə çox müdaxilə etdikcə biz boğuluruq. Biz boğulduqda isə Sizin nəfəs almanız, yaşamağınız çətinləşər, hətta davamlı olarsa ciddi fəlakətlərlə, böhranlarla üzləşərsiniz! Bunu gördükdən sonra yenidən bizə qayğı göstərmək, bizi bərpa etmək haqqında düşünəcəksiniz. Bizdən qazandıqlarınızı yenidən bizə geri qaytarmağa məcbur olacaqsınız! Qədrimizi bu məcburiyyətlərlə üzləşmədən öncə bilin!"

İqtisadiyyatı hamı üçün daha asan üsulla izah etmək üçün adətən tibb sahəsi ilə müqayisə edirdim. Bu müqayisələrin çoxunu təkcə mən etmirdim, dünya iqitisadçıları edirdilər, iqtisadi nəzəriyyələrdə də mövcuddur. Yəni, müəllifi mən deyiləm. Məsələn, monetar siyasəti qan-damar sistemi ilə, mərkəzi bankı ürəklə, bank sistemi, qiymətli kağızlar bazarını arteriya, vena, qan damarları ilə, pulu qan ilə, inflyasiyanı təzyiqlə (azı da zərər, çoxu da) və sair müqayisə edirdik. Amma, iqtisadiyyatda bazarı daha yaxşı izah etmək üçün məhz təbiətlə müqayisə etməyə çalışdım.

Bu müqayisə isə öz düşüncələrimin məhsuludur. Necə alındığına Siz qərar verə, rəy və düşüncələrinizi söyləyə bilərsiniz!

Visiontv.az