Bu dəfə Ağdamdakı ruhlardan deyil, dirilərdən yazdım-Şöhrət El-Dəniz
Bu dəfə Ağdamdakı ruhlardan deyil, dirilərdən yazdım-Şöhrət El-Dəniz
15.03.2021 Şöhrət El-Dəniz Tərəfindən

Ağdamdan ikinci reportaj hazırlayacağıma söz vermişdim. Buyurun... Amma bu səfər Ağdam şəhərində ruhların bizi qarşılamaq üçün təşkil etdiyi novruzqabağı şənlikdən yox, reallıqdan yazmaq qərarına gəldim. Çünki ruhlardan yazmaq üçün zaman və məkan anlayışı elə də əhəmiyyət daşımır. Lakin dirilər üçün daşıyır. Ona görə bu dəfə dirilər barədə oxumalı olacaqsız:

Mətbuat və QHT nümayəndələrinin Ağdama məlum səfəri barədə xəyali bir reportaj hazırlamışdım. Reportajı həmkarlarım səfərdə olarkən saat ikiyə kimi onların Feysbukda paylaşdıqları şəkillər və məlumatlar əsasında yazmışdım. Dostlarım isə elə zənn ediblər ki, mən də getmişəm. Həmkarım Aida Eyvazlı yazının altına yanıqlı bir status da yazmışdı. Ardınca digər həmkarım Mahir Xəttab orda olduğumu zənn edib yazımı paylaşım etmişdi. İTV-nin aparıcısı Vüsalə Məmmədova reportajın ardını tapa bilmədiyini qeyd edib link istəmişdi və sair.  
Həmkarlarıma təşəkkür edirəm diqqətə görə. Fəqət xatırladım ki, mən səfərə dəvət almamışdım. Ona görə oradan reportaj hazırlamaq lüksüm yox idi. Xəyali reportajı isə ona görə yazdım ki, Ağdamdan və ümumiyyətlə azad edilmiş bölgələrdən reportaj, yazı hazırlamaq üçün mütləq ora getməyə ehtiyacın olmadığını izah edim. 
Əcnəbi jurnalistlərin səfərlərini anlayıram. Onlara boş qalmış yurdların niyə xarabalığa çevrildiyinin səbəbini izah edirlər. Biz isə bu səbəbi 28 ildir bilirik. Və bu gün o ərazilərdə boz çöllüklərin, iki-üç yarıxaraba tikilinin qaldığını zatən dəfələrlə televizorda görmüşük və eşitmişik. Ona görə təm-təraqlı səfərlərdən ictimai rəyə təsir edəcək hansısa bir reportaj gözləmək, məncə, yumşaq desəm, sadəlövhlük olardı. Bu bölgəyə yeganə səfər edəcək şəxs əsgər idi. O da öz işinin öhdəsindən gəldi. Bizdən fərqli olaraq əsgərin səfəri turist xarakterli yox, torpağını azad edən əsil vətəndaş rolunda ifadə olundu. Və onların gözündə azad edilmiş ərazilər boş qalmış, dağıdılmış, şumlanmış, çöllüyə çevrilmiş bir torpaq kimi həkk olunmadı. Onlar bu əraziləri dostlarının, yoldaşlarının qanı tökülmüş, döyüşərək azad etdiyi vətənin bir parçası kimi gördülər. Ona görə o ərazilərdən döyüş vaxtı göndərdikləri sevincli tik-tok reportajları bizim bu gün yazdığımız ən mükəmməl və peşəkar reportajdan daha şirin və daha təsirli idi. 
Bir-iki kəlmə də təşkilatçıların seçimi barədə yazmaq istəyirəm. Təbii ki, hamını aparmaq mümkün deyildi. Amma bu bölgədə doğulan, hər qarışını tanıyan, doğulub-böyüdüyü evini bizdən daha çox sevən və 30 ildir həsrətini çəkən bəzi jurnalistlər var idi ki, onları birinci dəvət etmək lazım idi. Professor Akif Rüstəmovun, Təzadların baş redaktoru Asif Mərzilinin, şəhid Allahverdi Bağırovdan film çəkən həmkarım Asəf Quliyevin, ömrünün ən peşəkar dövrünü müharibəyə–Ağdam döyüşlərini televiziya ekranlarında işıqlandırmağa sərf edən  Adil İrşadoğlunun və digərlərinin yaddan çıxmasını ən azı səhlənkarlıq kimi qiymətləndirirəm. Yoxsa dediyim kimi boz çöllüyə dönmüş bu ərazilərdən reportaj hazırlamaq üçün mütləq ora getmək lazım deyil. Onsuz da orada əsgərdən başqa heç kim yoxdur. Orada yalnız ruhlardan reportaj hazırlamaq olar. Ruhların səsini eşitmək üçün isə zaman və məkan önəmli deyil.

1-ci yazı link

https://visiontv.az/article/agdamli-usaq-hikmet-haciyevle-novruz-yumurtasi-doyusdurdu-sohret-el-deniz
visiontv.az