Brayza Fransanın Qarabağ mövqeyini darmadağın etdi
20.11.2020

Visiontv.az ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir:

– Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Minsk Qrupu həmsədrləri ilə görüşüb. Bu görüşün səbəbi nədir? Görüşü necə xarakterizə edərdiniz?

– Zənnimcə, Kreml istəyir ki, noyabrın 10-dan müharibənin dayandırılması haqqında Bəyanat təkcə Minsk Qrupu çərçivəsində yox, daha geniş mənada legitimlik qazansın və bu, yaxşı ideyadır. Düşünürəm ki, bu, Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsinə işarə edən əla bir sazişdir. Unutmamalıyıq ki, bu saziş 2007-ci il Madrid prinsiplərinə əsaslanır. Bu, Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan liderləri ilə birlikdə danışıqlar apardığı istiqamətdir. Görüşün səbəblərindən biri 10 noyabr razılaşması üçün beynəlxalq legitimlik əldə etməkdir. İkinci səbəb rəsmi Moskvanın keçmiş Dağlıq Qarabağın hələ də Ermənistanın nəzarəti altında qalan rayonlarının statusunun araşdırılması və ya Minsk Qrupunun danışıqlar aparması zərurəti ola bilər.

– İllərdir BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təsir və təzyiq üsulu ilə reallaşdırmayan ATƏT-in Minsk Qrupu həmsədrləri niyə Azərbaycan Ordusunun status-kvonu məhv etməsindən, Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanat imzaladıqdan sonra Moskvaya gəlir? Sizcə, ABŞ və Fransa Rusiyanın münaqişənin həllində dominant rolundan narahatdırmı?

– BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək heç vaxt ATƏT-in Minsk Qrupu həmsədrlərinin öhdəliyi olmayıb. Bu qətnamələrin həyata keçirilməsi elə BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. ATƏT-in Minsk Qrupu həmsədrləri yalnız vasitəçilərdir. Bu vasitəçiliyi bir futbol meydançasındakı hakimin gördüyü işlə müqayisə etmək olar. Meydandakı rəqib komandalar Azərbaycan və Ermənistandır, həmsədrlər isə hakimlərdir. Həmsədrlərin vəzifəsi Azərbaycan və Ermənistanın sülh müqaviləsinə gətirib çıxara biləcək bir razılaşma çərçivəsində danışıqlar aparmasına kömək etmək idi. Həmsədrlər bunu etdi. Bu saziş 2009-cu ilin yanvarında Ermənistan Prezidenti Serj Sərkisyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Sözügedən razılaşma tərəflərdən birinin bunu etməkdən qorxduğu və ya qarşı tərəfə güvənmədiyi səbəbindən heç vaxt yekunlaşmadı. Ancaq bu çərçivələr bütün bu illər ərzində danışıqlar masasının üzərində idi və Minsk Qrupu buna nail olmuşdu. 10 noyabr razılaşması mahiyyət etibarilə bu təməl prinsiplərin həyata keçirilməsidir. Ona görə də belə düşünürəm ki, Minsk Qrupu yaxşı iş görmüşdü. Problem onda idi ki, BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin yerinə yetirilməsini təmin etmək üsulu yox idi. Ermənistan da, Azərbaycan da riskli siyasi qərarlar qəbul etmək və vətəndaşlarına elan etmək üçün həmkarına kifayət qədər etibar etmirdi. Fundamental razılaşmaya nail olmaq üçün kompromisə getmək lazım olacaqdı.

Düşünmürəm ki, ABŞ və Fransa münaqişənin həllində Rusiyanın əsas rolundan narahatdır. ABŞ-ın prezident seçkilərini başa çatdırmaq cəhdlərinin qızğın çağında olduğunu, həmçinin COVİD-19-la mübarizədə ən pis nəticələrin bu ölkədə olduğunu nəzərə alsaq, ən azı, ABŞ-da bu məsələyə strateji diqqət yoxdur.

Fransa Rusiyanın dominant rolundan narahat ola bilər, lakin son bir neçə həftə ərzində o, tamamilə Ermənistanın tərəfinə keçib. Fransız həmsədrin Lavrovla görüşünün səbəbinin erməniləri qorumağa çalışmaq olduğunu təxmin edirəm. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatını nəzərə aldıqda, bu, qəbuledilməzdir.

– Artıq mövcud olmayan qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsi Fransa Senatına təqdim edilib. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Fransa bitərəf olmalı deyilmi? Son zamanlar nümayiş etdirdiyi qatı ermənipərəst mövqeyinə görə onun Minsk Qrupunun həmsədri mandatını itirməsi mümkündürmü?

– Fransa Senatına qondarma “dqr”i tanıyan bir qətnamə və ya qanun layihəsinin təqdim olacağını qətiyyətlə yersiz və hətta gülünc hesab edirəm. “Dqr” mövcud deyil, onun mövcudluğu heç vaxt heç bir ölkə, hətta Ermənistanın özü tərəfindən tanınmayıb. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa bitərəf olmalıdır. Lakin son həftələrdə Prezident Makron da, onun xarici işlər naziri də Ermənistanın xeyrinə və Azərbaycana əleyhinə mövqe nümayiş etdirir. Mən Fransanın Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərməsinə imkan verməzdim. Bu öhdəliyin Avropa Birliyi və ya Avropa Komissiyasına həvalə olunması daha müvafiq olardı.

– Diplomatik mənbələrin məlumatına görə, yaxın günlərdə Paris meriyası qondarma “dqr”i tanımağa hazırlaşır. Amerikan konqresmenleri Tramp Administrasiyasını qondarma “dqr”in müstəqilliyini tanımağa çağırır. Baş verənlər ümumilikdə ATƏT-in vasitəçilik missiyasını məhv edə bilərmi?

– Paris meriyasının və bəzi Konqres üzvlərinin qondarma “dqr”i tanınmasını tələb etməsi, əlbəttə, ATƏT-in vasitəçilik səylərini davam etdirmə qabiliyyətini məhv edir. Bilirsiniz, bu il iyul ayının sonundan Ermənistan ilə Azərbaycan arasında beynəlxalq sərhədlər boyunca hərbi toqquşmalar baş verdiyi zaman aydın oldu ki, ATƏT və onun iki həmsədri - ABŞ və Fransa heç bir fəallıq göstərmir. Bu zaman çərçivəsində meydana gələn diplomatik boşluğu Rusiya və Türkiyə doldurdu. Beləliklə, ATƏT-in regional həmsədri olaraq Rusiya nəzarəti ələ keçirir. Fikrimcə, məhz Paris meriyası və ABŞ Konqresi üzvlərinin bu davranışı ATƏT-in effektiv vasitəçilik etmək və qərəzsiz fəaliyyət göstərmək cəhdlərini darmadağın edir.

– Azərbaycan Dağlıq Qarabağa status verməyəcəyini açıq elan etdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəlli sərhədi də artıq yoxdur. Bu sərhədin ən azı yarısı artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Digər ərazilər də Azərbaycanın hüquqi nəzarətindədir. Belə bir zamanda Minsk Qrupunda status məsələsinin müzakirəsi nə dərəcədə təbiidir?

– Putin aydın şəkildə bildirib ki, status məsələsi hələ də oyundadır. O, bir neçə gün öncə 10 noyabr razılaşması və müharibənin hərbi mərhələsinin bitməsi ilə bağlı bir müsahibə verdi. Bu müsahibədə keçmiş Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsinin son hüquqi statusunun nə olacağını müəyyən etməyin vaxtının gəlib çatdığını dedi. Yəni Putin bununla sözügedən danışıqların gələcəkdə nə vaxtsa baş tutması üçün zəmin yaratdı. Əgər bu danışıqlar baş tutarsa, onların Minsk Qrupunun nəzarəti altında və ya ən azından Minsk Qrupunun vasitəçiliyi ilə keçirilməsi tamamilə təbii və məntiqlidir. Ancaq əvvəlki cavabımda da qeyd etdiyim kimi sual budur ki, Fransanın Ermənistanın mövqeyindən çıxış edərək qərəzli siyasət yürütməsini nəzərə alsaq, bu, danışıqların bir hissəsi ola bilərmi?

– Danışıqlar ATƏT formatında, yoxsa 2+2 formatında davam etdirilməlidir? Bir diplomat olaraq danışıqların hansı formatda davam etdirilməli olduğunu düşünürsüz? Perspektivi necə görünürsünüz?

– Bu ilin avqust ayının sonlarında yazdığım bir məqalədə qeyd etmişdim ki, de-fakto olaraq hazırda Dağlıq Qarabağ münaqişəsindəki əsas xarici oyunçular Rusiya və Türkiyədir. Rusiya daha çox Ermənistan tərəfində, Türkiyə isə tamamilə Azərbaycanın tərəfindədir. Rusiya İkinci Qarabağ müharibəsi boyunca özünü neytral apardı. Bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü nəzərə alaraq Rusiyanın daha çox dəstək verəcəyini gözləyən erməniləri çox məyus etdi. Yəni reallıq budur ki, Rusiya və Türkiyə hazırda əsas oyunçulardır. Beləliklə, danışıqların bu şəkildə davam edəcəyini düşünürəm. Əminəm ki, Prezident Baydenin dövründə ABŞ bu danışıqlarda daha aktiv bir rol tələb edəcək və istədiyinə nail olacaq. “Üçüncü həmsədr olaraq Fransa prosesdə iştirak edə bilərmi” – bu, müzakirəyə açıq olan bir sualdır. Əminəm ki, Azərbaycan və Türkiyə buna qarşı çıxacaqlar. Minsk Qrupu Türkiyə və Rusiya tərəfindən idarə olunan bu danışıqlar üçün siyasi qalxan yaradarsa, o zaman üçüncü üzv kim olacaq və ya üçüncü bir üzvə ehtiyac olacaqmı? Düşünürəm ki, təkcə Fransanı qovmaq siyasi baxımdan real deyil, buna görə də Avropa Birliyinin bu prosesi ələ alması daha məntiqli olardı.

Axar.az