BP-nin Azərbaycanı tərk etmək istəyinə faciə kimi yanaşmamalıyıq-Bəybala Mirzəyev
11.08.2020

Bəzi KİV-lər və ekspertlər Xəzər dənizində iki nəhəng yatağın – “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və “Şahdəniz” (ŞD) qaz yataqlarının əməliyyatçısı olan BP şirkətinin öz neft-qaz aktivlərinin böyük bir hissəsini satmağa və Azərbaycanı tərk etməyə hazırlaşdığını bildirirlər.

Çünki BP bundan sonra yeni inkişaf yolunu seçməyi planlaşdırır. Şirkət yaxın gələcəkdə ənənəvi neft sənayesinə deyil, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq istəyir. Məhz bu səbəbdən, BP şirkəti Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraqla yanaşı Azərbaycanı da tərk etməyə hazırlaşır.
BP bu qərarı realist yanaşma nəticəsində verib. Həm də dünya miqyaslı biznes nəhəngi sayılan BP-nin strateqləri pulları (şirkətin gəlirlərini) saymağı yaxşı bacarırlar. Onlar görürlər ki, sözügedən ölkələrdə neft hasilatından götürdükləri qazancın miqdarı gün-gündən azalır. Burda pandemiyanın xüsusi rolu və təsiri var. BP-ni idarə edənlər bütün bu amilləri təhlil edərək yuxarıda adları qeyd edilən ölkələrdə fəaliyyətlərini məhdudlaşdırmağı nəzərdə tuturlar. Bu onların özəl hüququdur. Biz onları zorla tutub burada saxlaya bilmərik.

Hər bir şirkət öz gələcək planlarını və hədəflərini müəyyən etməkdə azaddır. Pandemiya bir çox transmilli şirkətlərdə olduğu kimi BP-nin rəhbərliyini də şirkətin perspektiv planlarını yenidən gözdən keçirməyə vadar edib. Bu da təbiidir. Biz də BP-nin bu addımına təbii baxmalıyıq, normal yanaşmalıyıq. İndi BP siyasətlə yox, sırf iqtisadi mənfəətlərini güdməklə məşğuldur.

Biz də öz iqtisadi mənfəətlərimizi göz önündə tutaraq BP-nin Azərbaycanın tərk etməsindən sonrakı dönəmə hazır olmağımız üçün gərəkən tədbirləri görməli, necə deyərlər, A planının əvəzinə B planını işə salmalıyıq.

Panika zamanı deyil. Çünki neft istehsalçısı olan ölkələrin hər biri oxşar problemlərlə üzləşirlər.

Visiontv.az