“Böyüklərimizi qoruyaq!” aksiyası bölgələrdə
19.05.2020

Bu aksiyada Qax könüllüləri də fəal iştirak ediblər.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Azərbaycan gənclərinin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə Azərbayacan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” nın təsdiq edilməsi, habelə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək qarşıya məqsəd qoyulmuşdur.

Könüllülük institutu dünyanın bir çox ölkələrində cəmiyyətin inkişafı üçün getdikcə vacib pedaqoji mənbəyə çevrilir. İctimai faydalı işlərdə vətəndaş iştirakının bir forması olan könüllü fəaliyyətin əsas xüsusiyyəti qarşılıqlı kollektiv əlaqə üsuludur. Könüllülük fəaliyyəti ölkəmizin tarixində, istərsə də adət‐ənənələrində tez‐tez rast gəlinən, humanistliyi, vətənpətvərliyi tərənnüm edən fəaliyyətdir. Könüllü olmaq ümid yeri olmaq, savab əmələ sahib olmaq, xalqına, vətəninə sosial xidmət etmək deməkdir. Elə bu səbəbdəndir ki, bütün dünyanı ağuşuna alan COVİD-19 pandemiyasınınölkəmizdə yayılması və onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi üçün ölkə başçısının çağırışı ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. AKƏM-in yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına nail olaraq, könüllülük hərəkatının faəliyyətini artırmaq və gənclərin beynəlxalq inteqrasiyasını təmin etməklə beynəlxalq əməkdaşlığın qurulmasına çalışmaqdır.

27 mart 2020-ci il tarixində təsis olunan və fəaliyyətə başlayan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi və “Gənc Könüllülər” Hərəkatının təmsilçiləri könüllü təşkilatlarının iştirakı ilə koronavirusla (COVID-19) mübarizədə fəal iştirak etmişdir.

Ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı elan olunmuş xüsusi karantin dövründə könüllülərin fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Könüllülər koronavirusla mübarizədə həkimlər, polislər, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə durdular. Yaşlı tənha insanların təminatını təchiz etmək, sosial yardımların ehtiyacı olanlara çatdırılmasında könüllülərin birbaşa iştirakı mühüm rol oynadı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi karantin rejimi müddətində talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsi məqsədi ilə dəstək çağırışına bir çox insanların, təşkilatların könüllü olaraq qoşulmaları könüllük fəaliyyətinin yaranmış bu vəziyyətdə belə daim aktual olduğunu sübut etdi. 8 aprel tarixində AKƏM Milli Hemotologiya və Transfuzilogiya Mərkəzi- Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına start verdi. Minlərlə könüllü Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında iştirak etdi. Mayın 12-də rayonumuzda keçirilən qanvermə aksiyasında rayon könüllüləri də yaxından iştirak etdi.

AKƏM-in təşkilatçılığı ilə 8 aprel tarixində “Könüllü qonşu” aksiyasına start verildi. Aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası dövründə xüsusi rejimin tələblərinə müvafiq şəkildə yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz ailələrə və 65 yaşdan yuxarı ahıl insanlara gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir. Könüllülər binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri yazaraq bu nömrələrə daxil olan zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərin həyata keçirilməsinə köməklik göstərirlər. Könüllü qonşu aksiyasına qoşulan rayonumuzun könüllüləri də şəhərin müxtəlif ərazilərində yaşayan tənha və ahıl insanlara köməklik göstəriblər

Ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü “Böyüklərimizi qoruyaq!” devizi altında aksiyasiya keçirmişdir. Respublika üzrə minlərlə aztəminatlı ailəyə, tənha ahıllara, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkilmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılması təmin olunmuşdur. Qax könüllüləri də rayon ərazisində yaşayan aztəminatlı ailələrə və tənha ahıllara ərzaq yardımlarının paylanmasında fəal iştirak ediblər.

Bu gün ölkə vətəndaşları arasında dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, möhtərəm Prezidentə inam və etimad çox yüksək səviyyədədir. Şübhəsiz, bu yüksək inam və etimad, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda, yeni iqtisadi və sosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə, hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan ən yüksək zirvələri fəth edəcəkdir. Bundan sonrakı dövrdə də könüllülük hərəkatının daha da genişləndirilməsinə, inkişafına diqqət artırılacaqdır.Heç təsadüfi deyildir ki, Cənab Prezident İham Əliyev son çıxışında qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusunun yarandığını, daim onların fəaliyyətini izlədiyini bildirib, könüllülərin öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazanmasını yüksək qiymətləndirib.

Cəmiyyətin inkişafı, müsbət dəyərlərin geniş vüsət alması və humanizm prinsiplərinin aşılanması, eyni zamanda təcrübəli gənclərin yetişməsi, enerjisini faydalı əməyə cəlb etməsi yönündə ölkəmizin atdığı hər bir uğurlu addımı dəstəkləyirik və daima xalqımıza xidmət etməyə hazırıq! Könüllülük hərəkatı sayəsində biz seçdiyimiz yolla inamla irəliləyəcək, bütün zirvələri fəth edəcəyik.

Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli 

Visiontv.az