BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi
BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi
24.03.2023 MEDİA Tərəfindən

Birləşmiş MillətlərTəşkilatının İranda insan haqları üzrə məruzəçisi Cavid Rəhman faktaraşdırıcı komitənin İrana daxil olması üçün Tehrana beynəlxalq təzyiq göstərməyə çağırıb.

"Mən beynəlxalq ictimaiyyətdən və beynəlxalq mediadan İran hakimiyyətinə təzyiq göstərmələrini, Tehran hökumətindən beynəlxalq qanunlara və BMT-nin İnsan Haqları Şurasına hörmət etməsini tələb etmələrini istəyirəm.
Mənə və faktaraşdırıcı komitəsinin üzvlərinə hadisələri araşdırmaq üçün İrana daxil olmaq üçün icazə vermələrini tələb edirəm",- Cavid Rəhman bildirib.

O, İranda insan haqları pozuntuları ilə bağlı BMT-nin hesabatının tam həqiqəti əks etdirdiyini, pozuntulara yol verən və repressiyalara səbəb olanların ədalət məhkəməsi qarşısına çıxarılmasının vacibliyini deyib.

Cavid Rəhman 44 illik molla hakimiyyəti tərəfindən iranlılara qarşı davamlı hüquq pozuntularına yol verildiyini, ötən ilin sentyabrından isə 71-i uşaq olmaqla 500-dən çox insanın hökumət məmurları tərəfindən öldürüldüyünü xatırladıb.
"İranda insan haqları pozuntularının fəlakətli ölçülərini nəzərə alaraq, beynəlxalq ictimaiyyət İslam Respublikasının hakimiyyət orqanlarından hesabat istəməli və bu faciədə əli olanlar məsuliyyətə cəlb edilməlidir",- BMT nümayəndəsi qeyd edib.

O, İranda insan haqlarının vəziyyəti ilə bağlı yeni hesabatın beynəlxalq ictimaiyyətin geniş dəstəyi ilə müşayiət olunduğuna işarə edərək, insan haqlarının pozulması ilə bağlı məsuliyyətin bərqərar ediləcəyinə və günahkarların mühakimə olacağına əminliyini ifadə edib.

"Biz İran daxilindən çoxlu məlumat alırıq və mən şəxsən ölkə daxilində bir çox insanlarla danışıram.
Onlar mənə ölkədə daha çox cinayətlərin baş verdiyini və vəziyyətin daha da pisləşməsindən narahatd olduqlarını deyirlər.

Biz İranda insan haqlarının vəziyyəti ilə bağlı daxil olan bütün məlumatların düzgünlüyünü diqqətlə yoxlayırıq, nəticədə əminəm ki, hesabatımdakı hər şey tamamilə doğrudur",- Cavid Rəhman əlavə edib.

Visiontv.az