BMT-nin tarixində ilk dəfə türk diplomat Baş Assambleyanın sədri seçilib
22.06.2020

BMT-nin tarixində ilk dəfə, Türkiyəni təmsil edən bir diplomat Baş Assambleyanın sədri seçilib.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin 75-ci Baş Assambleyasının sədrliyinə qardaş ölkənin namizədi, Türkiyə Böyük Millət Məclisinin Xarici siyasət üzrə komitəsinin sədri Volkan Bozkır seçilib. 193 ölkə nümayəndəsinin təmsil edildiyi BMT Baş Assambleyasında cənab Bozkır 178 ölkənin dəstəyini qazanıb.

Volkan Bozkır cari ilin 15 sentyabr tarixində BMT-nin 74-cü Baş Assambleyasının sədrindən təhvil alacağı vəzifəni, gələn ilin sentybrınadək icra edəcək. Bu müddət, özəlliklə, qlobal pandemiya ilə mübarizədə dövlətlərin, beynəlxalq qurumların fəaliyyətinin əlaqələndirilməsi baxımından çox əhəmiyyətli dönəmdir.

Daha öncəki illərdə, hökumətdə Avropa Birliyi naziri və Avropa Birliyi ilə danışıqlarda qardaş ölkə nümayəndə heyətinin başçısı kimi mühüm vəzifələr tutan, 40 ildir diplomatik xidmətlər göstərən Volkan Bozkır, Almaniya, İraq, ABŞ və Rumıniyadakı Türkiyənin diplomatik nümayəndəliklərində mühüm vəzifələr daşıyıb.

2011-ci ildən Millət vəkili olan hörmətli Volkan Bozkırı şəxsən tanıyıram, uzun illərdir səmimi dostluğumuz, Millət vəkili həmkarlığımız var. Onunla hər iki qardaş ölkənin maraq dairəsində olan məsələlər, habelə yeni çağırışlar qarşısındakı Avropa və dünya siyasi arxitekturası mövzusunda maraqlı söhbətlərimizi yaxşı xatırlayıram.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qardaş ölkə diplomatına göndərdiyi səmimi təbrik məktubunda deyildiyi kimi, BMT-nin 75 illik yubileyi ərəfəsində, BMT sistemi tarixində qardaş Türkiyə nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir. – Cənab Volkan Bozkırın peşəkarlığı, çoxillik təcrübəsi BMT Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcəkdir.