Blinkenin İlham Əliyevə zəng etməsi ABŞ-ın Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir - deputat Vüqar Bayramov
Blinkenin İlham Əliyevə zəng etməsi ABŞ-ın Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir - deputat Vüqar Bayramov
29.04.2021 Vüqar Bayramov Tərəfindən

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatından sonra sözügedən ölkənin dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə telefonla zəng etməsi Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir.

Rəsmi məlumatda bildirilir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Eyni zamanda, Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.

Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür. Belə ki, ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun  791.8 milyon dolları Azərbaycanın. 541 milyon dolları Gürcüstanən və 152 milyon dolları Ermənistanın payına düşür. Qeyd edək ki, Avropa Birliyinin Cənubi  Qafqaz ilə ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır.

Digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “qədim qitəyə” 5 milyard kub metr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu illik 20 milyard kub metrədək yüksələcək.

Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Dövlət katibi Entoni Blinken ilə söhbətdə Azərbaycan Prezidenti bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayir və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır.
Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir.

Visiontv.az