Bizim hədəfimiz erməniləri qırmaq deyil-Elbəy Həsənli
Bizim hədəfimiz erməniləri qırmaq deyil-Elbəy Həsənli
07.11.2020 Elbəyi Həsənli Tərəfindən

"Ermənilərin kökün kəsmək lazımdır", "Bir erməni də Qarabğdan sağ çıxmamalıdır" və bu kimi çağrışlar, yumşaq desək, yanlışdır. "Fürsətdir, İrəvanı da tutaq" kimi söhbətlər də yersizdir.

Bizim hədəfimiz erməniləri qırmaq və ya Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisini işğal etmək deyil. İstədiyimiz odur ki, beynəlxalq hüquqa söykənən Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Bu məqsədlə də ölkə rəhbərliyi, xalqımız və odumuz ayaqdadır. Demək olar ki, niyyətimizə də çatmışıq. Görürsüz ki, dünya bu məsələdə bizi haqlı sayır, bizə mane olmurlar...

Yaxşı, biz belə çağrışların dalınca getsək Azərbaycanın halı necə olacaq? Heç bu barədə düşünürsüz?

Bilirəm, deyəcəksiz ki, indiki Ermənistan ərazisi bütövlükdə Azərbaycana məxsusdur. Tarixi baxımdan elədir. Amma beynəlxalq hüquq bunu qəbul edirmi? Etmir. Beynəlxalq hüquq onu qəbul edir ki, Azərbaycan işğal altında olan ərazilərində süveren hüququnu bərpa etsin. Bundan artığına iddia etmək bütün dünyanı üstümüzə qaldırar. Məsuliyyət hissini itirməyək.

Bir daha deyirəm. Biz maksimalist olmalı deyilik. Erməniləri bugünkü biabırçı məğlubiyyətə məhz maksimalist yanaşma gətirib çıxardı.

Biz proseslərin gedişinə praqmatik yanaşmalıyıq. Eyforiyaya qapılmaq lazım deyil. Bizə məxsus olanı ermənidən alsaq, bu, bizə yetər. Ən azı tarixin indiki dönəmində bu, Azərbaycan dövləti üçün maksimum nəticə hesab olunmalıdır...

visiontv.az