Biz indiyə qədər qəhrəman kimi təqdim edilən bir sıra tarixi şəxsiyyətlərdən imtina edə bilərik
Biz indiyə qədər qəhrəman kimi təqdim edilən bir sıra tarixi şəxsiyyətlərdən imtina edə bilərik
21.12.2021 Bəybala Mirzəyev Tərəfindən

Siyasətçilər də tarixi şəxsiyyətlərlə bağlı fikir bildirə bilərlər...

Bəli, tarix ilk növbədə tarixçilərin işidir, onların peşə sahəsi, araşdırma predmetidir. Tarix və tarixi şəxsiyyətlərlə bağlı bütün mövzulara, məsələlərə hər kəsdən öncə məhz tarixçilərin münasibət bildirməsi, rəy verməsi şərtdir. Lakin tarix tarixçilərin inhisarında deyil. Tarixçilər tarixi öz monopoliyaları altına alıb digər insanların tarixi hadisələr və şəxsiyyətlərlə bağlı müstəqil araşdırma aparmalarına, alternativ yanaşma ortaya qoymalarına əngəl ola bilməzlər. Bu mənada hər kəsin tarixi mövzularda araşdırmağa, öz mövqeyini ifadə etməyə ixtiyarı var.Siyasətçilər də bu ixtiyara sahibdirlər.

Bəzən hətta prezidentlər də tarixi məsələlərlə bağlı kitab yazır və ya açıqlamalar verirlər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Teodor Ruzvelt ötən əsrin əvvəllərində Amerika tarixinə dair yazdığı kitabı ilə amerikalı tarixçilərə sözün əsl mənasında meydan oxumuşdu. Bizim günlərdə isə ayrı-ayrı tarixi məsələlərllə bağlı ən çox danışmağı sevən dövlət başçısı isə Rusiya prezidenti Vladimir Putindir. Amma Ruzveltdən fərqli olaraq Putin bir çox halllarda tarixi həqiqətləri qəsdən təhrif edir. Əlbəttə, Rusiyanın mənafeyi naminə...

Ermənistanın baş naziri Nikol Paşinyan da tez-tez tarixi mövzulara ekskurs etməyi çox sevir və gah "Böyük Ermənistan" nağılından dəm vurur, gah İkinci Tiqranın "qəhrəman"lıqlarını vəsf edir, gah da bərbad tələffüzlə ifadə etdiyi "Kokeyşın Büro"nun (Qafqaz Bürosu) məlum iclasını misal gətirir. Amma Paşinyan da həyasız yalançı ollduğuna görə tarixi həqiqətləri ermənilərin xeyrinə təhrif etməyə çalışır...Azərbaycanda isə tarixi mövzulara və tarixi şəxsiyyətlərə ən çox maraq göstərən və fikir bildirən siyasətçilər isə Fazil Mustafa və Sərdar Cəlaloğludur. Fazil bəyin bir neçə il əvvəl Şah İsmayıl Xətai haqqında səsləndirdiyi bəzi fikirlərin cəmiyyət tərəfindən birmənalı qarşılanmadığını yəqin ki, hamınız xatırlayırsınız. Lakin F.Mustafa hazırda tarixi şəxsiyyətlərlə bağlı demək olar ki, heç bir açıqlama vermir.

Ondan fərqli olaraq ADP-nin sədri Sərdar Cəlaloğlu isə tarixi şəxsiyyətlərlə bağlı səsləndirdiyi qalmaqallı fikirləri ilə tez-tez gündəmə gəlir. Sərdar bəy hesab edir ki, Babək, Koroğlu, Koroğlunun xanımı Nigar, Qaçaq Nəbinin xanımı Həcər və bir sıra digər şəxslər keçmiş sovet dövlətinin təbliğatı nəticəsində xalqımıza sırınmış saxta qəhrəmanlardır. Partiya sədri bu şəxslərin uşaqlarımıza, gənclərimizə qəhrəman kimi, örnək kimi təqdim edilməsinə son qoyulmasını, onların əvəzinə real qəhrəmanlarımızın təbliğ edilməsini təklif edir.Açığı, bu tamamilə yeni yanaşmadır. Daha doğrusu, tarixi şəxsiyyətlərin təftiş olunmasıdır. 30 ildir müstəqilliyinə qovuşan bir xalqın tarixi şəxsiyyətlərinin təftiş olunması, yenidən dəyərləndirilməsi əslində bir tərəfdən çox yaxşı haldır. Postsovet və postsosialist ölkələrinin əksəriyyətində buna bənzər tendensiyaları müşahidə etmək mümkündür. Xalqlar bolşevik-sovet ideologiyasının qəlibindən çıxmış "qəhrəman"lardan imtina edirlər.

Bu proses xüsusən də Ukraynada daha çox nəzərə çarpır.Yəqin ki, biz də bu prosesdən keçməliyik. Kimin gerçək qəhrəman, kimin "feyk" olduğunu mütləq bilməliyik. Ancaq bunu kobud şəkildə, cəmiyyətin bu və ya digər kəsiminin hisslərinə, heysiyyətinə toxunaraq etmək olmaz. Bu məsələdə delikat yanaşma, peşəkar münasibət çox vacibdir. Təftişçilikdə ifrata varmaq olmaz.Biz Babəkdən, Koroğludan və indiyə qədər qəhrəman kimi təqdim edilən bir sıra digər tarixi şəxsiyyətlərdən, mifik qəhrəmanlardan imtina edə bilərik. Amma bunu onları təhqirə məruz qoyaraq etməməliyik. Eyni zamanda köhnə qəhrəmanları "hurrey"lə aşırıb, onların yerinə kimi gəldi qəhrəman kimi təqdim etmək də düz deyil. Biz bu məsələdə çox diqqətli davranmalıyıq. Çünki tarix səhvləri bağışlamır...

Bəybala Mirzəyev

Visiontv.az