Suriyada başlayan savaş geopolitik anlamda Azərbaycanda da diqqətlə izlənilir. Hadisələrin içində bizə yaxın və qonşu ölkələrin olması narahatlığımıza səbəb olur. Münaqişənin alovu qonşularımıza sıçrasa necə olacaq sualına istər istəməz cavab axtarırıq.
Bu savaşda Azərbaycanı narahat edən başqa bir məqam da var. Söhbət savaşın ta mərkəzi olan Hələb şəhərindən gedir. Hələb tək Suriyanın yox, dünyanın qədim şəhərlərindən biridir. Bu şəhərdə sivilizasiyalar yaranıb və bir-birini əvəz edibdir. Hətta İbrahim peyğəmbərin bu ərazilərdə yaşayaraq səyahət edən yolçulara süd paylaması və onun inəklərinin rəngi kül rəngdə olduğundan bu şəhərin adının ərəbcə Hələb əş-Şəhba yəni kül rəngi südü var kəliməsindən götürüldüyü bildirilir. Yəni tarixi dəqiq olmayan dönəmdə salınan bu şəhərin fərqli millətlərə məxsus sivilizasiyaların yaranışına şahidlik etdiyini, hal-hazırda isə savaşlar, dağıntılar altında inildədiyini görürük. Və narahat oluruq, təəssüf edirik. Çünki Hələb şəhəri həm də biz azərbaycanlılara doğma bir şəhərdir. Azərbaycan filosofu, hürufizmin ən görkəmli nümayəndələrindən olan İmaməddin Nəsiminin məzarı hazırda savaş içində olan Hələb şəhərindədir. XV əsrin əvvəllərində hürufiliyin əsaslarını başqa ərazilərdə yaymaqdan ötrü Nəsimi bir çox yerlərə səyahət edir. Osmanlı tərəfindən bir neçə dəfə həbs edilən Nəsimi Suriyanın Hələb şəhərində öz moizələrini oxuyarkən aşkar olunur. Məşhur ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi öz əsərində yazır ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi mühakiməsi zamanı kəlmeyi-şəhadət gətirir. Buna görə, məhkəmədə hakimlərin əksəriyyəti şairə rəğbət bəsləyir, onun edamına razı olmurlar. Buna baxmayaraq, o zaman Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunur. Ona çıxarılan bədnam hökm isə öldürülüb, dərisinin soyulması olur. Onu da deyim ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edir və bir sıra əlyazma nüsxələrini tapır. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda ”Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi ”Cahana sığmayan şairin qərib məzar” adlı məqaləsində böyük şairdən bəhs edib. Sonralar Azərbaycanın dəstəyi ilə Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılır. Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub. Bu təkyə Hələbin “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”. Hal-hazırda böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının hansı vəziyyətdə olması sual altındadır. Suriyada səfirliyimiz olmadığından Nəsiminin məzarı barəsində də dəqiq məlumatımız yoxdur. Hələ 2019-cu ildə Hələbdə gedən qanlı savaş vaxtı da Nəsiminin qəbri barəsində maraqlananlar oldu. Və o zaman Türkiyənin NTV kanalının büro rəhbəri Meri Ak Nəsiminin qəbri üzərindən görüntülər çəkərək Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə göndərmişdi. Və həmən görüntülərdə Nəsiminin məzarına xəsarət yetirilmədiyi görünürdü. Hal-hazırda isə Hələb şəhərində savaşın şiddətləndiyi bir vaxtda ordan dəqiq məlumat almaq mümkün olmur. Və biz hələdə bilmirik Nəsiminin qürbətdə olan qəbri dağıdılıb yoxsa durur. Əminəm ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi növbəti dəfə dahi şairimiz Nəsiminin məzarının aqibəti barəsində məlumat əldə edəcək.
Şöhrət El-Dəniz
visiontv.az