Bir qətlin tarixçəsi
Bir qətlin tarixçəsi
13.08.2022 MEDİA Tərəfindən

Şəkildə gördüyünüz şəxs təbrizli Seyid Əhməd Hakimabadidir. Sonralar İranda Əhməd Kəsrəvi kimi tanınıb. Salman Rüşdünün ölüm fətvasından xeyli əvvəl, hələ 1943-44-cü illərdə İmam Xomeyni məhz bu şəxs haqda özünün ilk ölüm hökmünü verib.

İranda o çox məşhurdu.

Zarafat edirsiz?-İran məşrutə, yəni Səttərxan hərəkatı tarixini "Tarixi məşruteyi İran" əsərində (1000 səhifə"!) məhz o qələmə alıb. Sonra girişib dilçiliyə-sübut etməyə çalışıb ki, bəs İrana azərbaycan türkcəsi gəlmədir. Yaddır. Guya azərbaycanlılar əvvəllər "azəri" adlanan fars dilində danışıblar.

Tarixi qaynaqlara bələd olmaq üçün o hətta qədim erməni dilini də öyrənib!-bəzi erməni məxəzlərini farscaya çevirib.

Özünün bu sərhədsiz nihilizmində o dayanmaq bilmir. Türklərdən sonra girişir şiə müctəhidlərinə. Əvvəlcə Səfəvi imperiyasını, Şah İsmayılı tənqid edən bir kitab buraxır. Sonra şiəliyin ideoloji, tarixi köklərinə zərbə vuran digər əsərlərini.

Bu nihilizm, Qum mollalarına, ayatullah Kəşaniyə, Qomiyə, nəhayət Xomeyniyə çox ağır təsir buraxır. Sonuncunun "Kəşf ül-əsrar" əsərində o "məhdur əd-dam", "yəni qanı, halaldı...cismi, öz qatilini gözləyir" adını qazanır.

Nəvvab Səfəvi adlı bir islam fədaisi bax o uzaq zamanlar üzə çıxır. Kəsrəvinin qətlinəmi qərar verir, yaxud qorxudulmasına?- bu, indi bilinmir. Qətlin icrasını İmami qardaşları öz üzərlərinə götürlər. Birinci cəhd (1945, 18 aprel) uğursuz alınır. Kəsrəvi yaralansa da sağ qalır. İkinci cəhd isə (1946, 11 mart) məqsədinə çatır. Kəsrəvi, öz katibi ilə birgə məhkəmə önündəmi, yaxud içəridə, indi dəqiq bilinmir, öldürülür. Ancaq, qatil-fədai Hüseyn İmami, əli bıçaqlı idi. Tapancası yoxdu. Kəsrəvini isə gülləylə yerə sərmişdilər.

Məhkəməsində özünə qəribə bəraət qazanır-deyir, gülləni atan əl, Allaha məxsusdu. Özü isə əli bıçaqlı olub...

Beləliklə, Xomeyninin nihilist yazarlara qarşı iki fətvası vardı. Biri, hələ 1945-ci ildə həyata keçirilmişdi. İkincisi, sonuncusu isə dünən reallaşdırıldı.

P. S. Keçək mövzumuzun ikinci hissəsinə. Xomeyninin vəfatı ilə, bu dosye qapadılmır. Tərsinə, daha da dolğunlaşıb, şişir. Ötən əsrin son rübündə İran yazarları arasında silsilə müəmmalı qətllər baş verir. Bir çox liberalyönlü İran yazarı müəmmalı şəkildə öz həyatını itirir.

İran Liberalları-yəni “Xatəmi Cavad Zərif” dəstəsi məhz bu qətlləri bəhanə edərək 1998-2000-ci illərdə hakimyyətə gəlirlər. Araşdırmalara başlayıb Xomeyni ardıcıllarını məhbəslərə atır, nəticədə, Avropa üçün matah mala çevrilirlər. “Dinlərarası dialoq” mövzusunu bəhanə edərək Vatikanla birbaşa söhbətə start verir, bir növ Qərbdə leqallaşırlar. Bu dəstənin hakimiyyətə gəlməyində Vatikanın "Pontificium Consilium pro Dialogo Inter Religiones" şöbəsinin ciddi iştirakı olub, biləsiz. Məhz o vaxt İran liberalları Xomeyninin Salman Rüşdü haqda məlum fətvasını ləğv edib, İrandakı mühafizəkarları bu vacib silahlarından məhrum edirlər.

İran kinomotoqrafı da mövzudan kənarda qalmayıb-Məhmməd Rasuloff adlı bir rejissorun bu mövzuda “Əlyazmaları yanmır” MANUSCRIPTS DON'T BURN (https://www.youtube.com/watch?v=6grfqyUiz3E) adlı filmi var. 2013-cü ildə film Kann festivalına qatılıb. Mükafatlandırılıb.

Yəni, mövzu, çoxdan bir növ Avropa standartlarına otuzdurulub.

Qərb, çoxdan bu mövzudan istifadə edərək İranda hakimiyyətdaxili oyunbazlıqlarda iştirak edir.

Həmid Herisçi

visiontv.az