"Bibiheybət yolu"nun aşağı hissəsində 2 yerdə istinad divarı tikiləcək
16.01.2020

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

Visiontv.az-ın verdiyi xəbərə görə, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatda, tikinti-bərpa işlərinin sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparıldığı deyilir. 

Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.