Bəzi dünya gücləri, PKK, PYD, YPG kimi terror qruplarını silahlandırır - deputat Nəsib Məhəməliyev
Bəzi dünya gücləri, PKK, PYD, YPG kimi terror qruplarını silahlandırır - deputat Nəsib Məhəməliyev
15.02.2021 Nəsib Məhəməliyev Tərəfindən

PKK terror təşkilatı tərəfindən 13 türk vətəndaşının nümayişkaranə şəkildə qətlə yetirilməsi, insanlıqdan uzaq, vəhşiliyin ən yüksək formasıdır.

Mən bunu qətiyyətlə pisləyirəm və şəhidlərin ailələrinə, Türk xalqına baş sağlığı verirəm. Çox təəssüf ki, 21-ci əsrdə terror bir çox ölkələrin dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bəzi ölkələr öz geosiyasi maraqlarını təmin etmək üçün terrordan təsir vasitəsi kimi istifadə etməkdə davam edirlər. Dövlətlərarası münasibətlər sistemini formalaşdırdıqda, beynəlxalq hüququn normalarına, sosial ədalət prinsiplərinə yox, dini, milli, iqtisadi prioritetlərə üstünlük verilir. Hətta bir təşkilatda təmsil olunan müttəfiq ölkələr belə sağlam rəqabətdən yayınmaqla, arxadan bir-birilərini zəiflətmək məqsədilə, terror təşkilatlarına dəstək verirlər. Güclü Türkiyəni görmək istəməyən bəzi dünya gücləri, PKK, PYD, YPG kimi terror qruplarını silahlandırır, hərbi təlimlər keçir və bununla bölgədə gərginliyin daim saxlanılmasını təmin edirlər. Avropanın öndə olan ölkələrinin baş sağlığı verməməsi, acı təəssüf doğurmaqla yanaşı, dolayısı ilə sadaladığım terrorçulara, o ölkələrdə verilən dəstəyin göstəricisidir.

Ən bariz nümunə 15 iyul qiyamının təşkilatçılarına verilmiş dəstəkdir. Bir şeyi yaddan çıxarmaq lazım deyil. Həyatda hər şey bumeranq effekti verir. İŞİD terror təşkilatının Avropa ölkələrində törətdiyi cinayətlərə baxdıqda, bunu görmək mümkündür. Terrorçunun bizimki və yaxud sizinki olmamalıdır. Terrorun kökünü birdəfəlik kəsmək üçün, yanaşma birmənalı olmalıdır.

Visiontv.az