Beş ildən sonra Rusiya əsgərinin torpaqlarımızdan çıxarılmasına nail olmalıyıq - Məhəmməd Əsədullazadə
Beş ildən sonra Rusiya əsgərinin torpaqlarımızdan çıxarılmasına nail olmalıyıq - Məhəmməd Əsədullazadə
26.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya müdafiə naziri Segey Şoyqunun hər həftə Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyana zəngi, həmçinin prezident Putinin Paşinyana zəng edərək Qarabağdakı sülhməramlı missiyanı və buradakı prosesləri müzakirə etməsi Moskvanın birtərəfli olaraq Ermənistanı oyundan kənar saxlamamaq cəhdidir. İlk növbədə sülhməramlı qüvvvələr Azərbaycanın ərazisindədir və Rusiya müdafiə naziri azərbaycanlı həmkarı ilə bu barədə danışmalıdır.

Azərbaycan elan edir ki, Ermənistanla münaqişə bitib və bu ölkənin Qarabağ məsələsində heç bir siyasi-hərbi üstünlüyü yoxdur. Amma, Moskva isə, Azərbaycana mesaj vermiş kimi nümayişkəranə şəkildə Ermənistanla müzakirə edir və göstərmək istəyir ki, münaqişə bitməyib. Ona görə də Rusiya rəhbərliyinin hazırkı siyasəti birbaşa Azərbaycana təzyiqdir.  Həmçinin belə bir siyasi prosesin davam etməsi Paşinyan  üçündə təhlükəli bir gedişdir. Çünki, Rusiyadan asılı vəziyyətdə qalır və müstəqil siyasət apara bilməyərək, Azərbaycanla normallaşma prosesi baş tutmaya bilər.

Bu da Ermənistanda siyasi-iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirir.

Azərbaycan Şuşaya alternativ yolu işə saldıqdan sonra, həmçinin Kəlbəcərə  yeni yol çəkildikdə sonra Rusiya sülməramlı qüvvələrinə Azərbaycanın ehtiyacı olamayacaq. Bundan sonra konkret şəkildə Azərbaycan sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı ciddi hərəkətə keçməlidir. Onların özbaşınalıqlarına son qoymalıdır. Qarşıda beş il var. Və beş ildən sonra Rusiya əsgərinin torpaqlarımızdan çıxarılmasına nail olmalıyıq. Bu, regionda sülhün və təhlükəsziliyin təmininə gətirəcək. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdə qalacaqsa, o da Rusiyanın regiondan çıxarılmasına çalışacaq.

Visiontv.az