Belqrad sülh müqaviləsi... "Sülh müqavilələri" rubrikası...
Belqrad sülh müqaviləsi... "Sülh müqavilələri" rubrikası...
06.02.2023 MEDİA Tərəfindən

Belqrad sülh müqaviləsi — Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış müqavilədir.

1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı ziddiyyətləri həll etmədi. Qara dənizə çıxmağa və Krım xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında Osmanlı dövləti ilə müharibəyə başladı. Mustafazadə haqlı olaraq yazıb ki, "Rusiya-Osmanlı münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq müharibəyə gətirib çıxartdı.

İki imperiya arasında münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda, xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən biri olduğunu güman etmək düzgün olar...". Müharibədə rus qoşunlarına B.K.Minix (1683-1767) komandanlıq edirdi. Ruslar 1736 və 1737-ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı Baxçasarayı tutmağa nail oldular, ikinci paytaxt hesab olunan Qarasu da general-feldmarşal Lassi tərəfindən yandırıldı. Avstriya Rusiya ilə 1726-cı il Vyana ittifaq müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə müharibə elan edib.

Rusiya 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə baxmayaraq, İranla antiosmanlı ittifaqına nail ola bilmədi. Nadir 1736-cı ilin sentyabrında Osmanlı dövləti ilə Ərzurum müqaviləsini imzaladı. Lakin rus-osmanlı müharibəsi cəbhəsində vəziyyətin mürəkkəbliyini nəzərə alan Türkiyənin təklifi ilə sülh konfransı (Nemirov (Ukrayna), 1737, 16 avqust - 11 noyabr) çağırıldı. Konfransın gedişində müttəfiqlər - Rusiya və Avstriya arasında ziddiyyətlərin yaranması Osmanlı dövlətinin mövqeyini möhkəmləndirdi. Hərbi əməliyyatlar bərpa olundu. 1739-cu il hərbi əməliyyatları Rusiya üçün müvəffəqiyyətli oldu. Rusiyanın mövqeyinin möhkəmlənməsindən narahat olan Avstriya Osmanlı dövləti ilə separat müqavilə bağladı. Bu Rusiyanın mövqeyinə də təsir göstərdi.

Bünyamin Bünyadzadə

Visiontv.az