Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz-Prezident İlham Əliyev
25.06.2020

Son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər.

Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir.

- maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.

Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Visiontv.az