Belarusda qazanan kim oldu?-Kənan Rövşənoğlu
18.09.2020

Seçkilərdən əvvəl, yəni hələ çox əvvəl Rusiya və Belarus münasibətləri pisləşdi. Hətta o qədər ki, Belarus başqa ölkələrdən, o cümlədən Azərbaycandan neft almağa başladı. Bir ara dedilər ki, Rusiya Belarusu işğal etməyə hazırlaşır.

Seçkilərə yaxın münasibətlər daha da pisləşdi, detallara girməyə gərək yoxdur.

Rusiya nə etdi? Seçkilər zamanı Belarusda baş verənlərə susqunluq nümayiş etdirdi, hətta Rusiya kanalları Lukaşenkonu tənqid edən materiallar verdilər.

Sonra isə Batka dirəndi və Qərblə son bir neçə ildə əldə olunan yaxınlaşma tamamilə qoptu və Lukaşenko yenidən Rusiyaya döndü.

Putinlə yeni borc müqaviləsi - hansı ki, bir hissəsi Rusiyaya borcların ödənilməsidir - imzalandı. Batka Putinə daha çox sığındı və bu dəfə daha da kiçildi.

Nəticədə Belarusda müxalifətin etirazları davam etsə də, ümumilikdə bu oyunu qazanan Putin oldu belə demək olarsa. Yəni əgər müxalifət hücum edib Batkanı devirməsə, prosesin qalibi Rusiyadır. Rusiya Ukraynadan sonra Belarusu əldən vermədi.
Amma bu prosesdə daha pis olan odur ki, post-sovet coğrafiyası uğurunda mübarizə daha da kəskinləşəcək.

Belarusa gəlincə, ehtimal edirəm ki, qarşıdakı həftələrdə Belarus müxalifəti Lukaşenkoya qarşı güclü hücuma keçəcək. Çünki proses uzandıqca seçkilər arxa plana keçə, emosiyalar soyuya bilər. Ona görə də ya indi, ya da növbəti seçkini gözləməli olacaqlar. Bu mənada yaxın günlərdə müxalifətin böyük mitinqi və Lukaşenkoya ciddi təzyiqin olacağını gözləmək lazımdır.

Təbii ki, indiki məqamda Belarusda proseslərin daha aktiv fazada davam etməsi Azərbaycanın maraqlarına cavab verir.

Visiontv.az