“Baktelecom”un təqdim etdiyi 1Gbps internet sürəti Azərbaycan istehlakçısına nə vəd edir?
06.06.2023

“Baktelecom” 1Gbps internet sürətinin test mühitində uğurla nəticələnməsi barədə məlumat yayımlayıb. Bir sıra mütəxəssislər məsələnin ölkəmiz üçün əhəmiyyətli hadisə olduğunu bildirib. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri, İKT üzrə ekspert Elvin Abbasov yüksəksürətli internetin iqtisadiyyatımız üçün əhəmiyyəti və sürətli internetlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Visiontv.az “Qafqazinfo” - ya istinadən onun müsahibəsini təqdim edir:

– Yüksəksürətli internetin əldə edilməsi ölkəmizdə hansı sektorlara əhəmiyyətli dərəcədə fayda verə bilər?

– Mən də digər ekspertlər kimi, testlərin uğurla nəticələnməsinin ölkəmiz üçün əhəmiyyətli olduğu fikrinə qatılıram.

“Baktelecom” XGS-PON-a (10 giqabitlik simmetrik passiv optik şəbəkə) sərmayə qoymaqla şəbəkə infrastrukturunun istehlakçıların daim artan tələblərinə və inkişaf etməkdə olan texnologiyalara cavab verə bilməsini təmin edəcək. Bu sınağı keçirmək ölkəmiz üçün təkcə zəruri deyil, həm də strateji bir addımdır.

Yüksəksürətli internet bir cəmiyyətin iqtisadi inkişafı, həyat standartı və keyfiyyəti üçün fundamental tələblərdən birinə çevrilib. Bu, həm də bizneslərin inkişaf etməsinə, rəqəmsal iqtisadiyyatın dayanıqlılığına töhfə verir, kommunikasiya və ticarəti asanlaşdırır. Habelə təhsil və sağlamlıq xidmətlərinin əldə edilməsini yaxşılaşdırır və insanların dostları, ailələri ilə daima əlaqədə qalmalarına kömək edir.

– Dünyada sürətli internet deyəndə ən aşağı hansı limit nəzərdə tutulur?

– Biz infrastrukturumuzu nə qədər inkişaf etdirsək də, aşağı sürətli paketlər istifadə ediriksə, bu bizə heç bir fayda verməyəcək. Beynəlxalq aləmdə internetin aşağı limiti deyəndə 25 Mbit nəzərdə tutulur. Təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə yüksək sürət və keyfiyyət əldə etmək istəyənlər 25 Mbit limitdən aşağı paketlər istifadə edirlər.

Nəzərə alaq ki, bir ailə təsərrüfatı orta hesabla 4 nəfərdən ibarətdir və hər birində telefon və ya başqa cihazlar internetə qoşulur. Belə olan halda 10 və ya 15 Mbit internet paketlərindən keyfiyyətli internet ala bilməyəcəklər və bunun genişzolaqlı fiber-optik infrastrukturuna heç bir aidiyyəti yoxdur. Artıq dünya 1 Gbit internetdən danışır.

– 1Gbit internet ilə nələr etmək olar?

– 1Gbit internet ilə siz yüksəksürətli internet tələb edən bir çox xidmətləri əldə edə bilərsiniz: video və audio yayımlarının və müşahidə kameralarının bulud serverinə yazılması, bulud texnologiyası üzərində məlumatların saxlanılması və bu kimi digər həllər. Yüksəksürətli internet dizayn, qrafika və digər serverlərdə saxlanılmış məlumatların çıxarılması, həmçinin böyük həcmli faylların köçürülməsi, bank, elektron ticarət və digər bizneslər üçün yeni imkanların yaranmasına təkan verir.

– Azərbaycanda internet istifadəçiləri buna hazırdırlarmı və 1Gbit internetin istifadəsi üçün tələblər nələrdir?

– Birmənalı desək, istehlakçılar buna hazır deyil. Bu barədə ilk olaraq bildirmək istəyirəm ki, 1Gbit internet əldə etmək üçün sizin cihazlarınız bunu dəstəkləməlidir. Bu gün istehlakçıların istifadə etdiyi cihazlar (mobil telefonlar, TV-lər və digərləri) bu prosesi dəstəkləmir.

Dövlət sürətli infrastrukturun qurulmasını təmin edir. Xüsusilə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində görülən işləri nəzərdə tuturam. Son məlumata görə, fiber-optik şəbəkənin əhatə dairəsi 1 milyon ev təsərrüfatını keçib. Bu, ölkə üzrə internetin sürətinə də müsbət təsir göstərir. Beynəlxalq təşkilatların hesabatlarında ölkə üzrə internet sürətində orta hesabla 40% artımın qeydə alınması təqdirəlayiq hadisədir və aparılan infrastruktur işlərinin birbaşa nəticəsidir.

İqtisadi səmərəlilikdən əlavə, məsələyə daha geniş rakursdan da baxmağı təklif edirəm. Bu texnologiyanın tətbiqi ilə daha dayanıqlı iqtisadiyyat və proseslərə nail olmaq mümkündür. Məsələn, İspaniyada bu prosesin tətbiqi ilə yalnız 2019-cu ildə mis kabel infrastrukturuna nisbətən 85% enerji qənaətinə nail olunub. Növbəti 3 il ərzində 208 giqavat saat elektrik enerjisinə qənaət və 56500 ton karbon emissiyasının azalması ilə nəticələnib. Belçika hökuməti isə mis şəbəkə ilə müqayisədə 12 dəfə daha az enerji sərfiyyatının əldə edildiyini açıqlayıb. Göründüyü kimi, “yaşıl gələcək” dayanıqlı texnologiyaların tətbiqindən keçir.

Vətəndaşların 1Gbit internetdən istifadə edə bilməsi üçün bu sürəti ötürə bilən yüksək keyfiyyətli kabel marşrutlandırıcıya malik olması tələb edilir. Bundan əlavə, istehlakçılar da cihazlarının ən son “Wi-Fi” standartlarını dəstəkləməsinə əmin olmalıdırlar.