Bakıya yağan güclü yağış bir sıra problemlərə yol açıb - FOTOLENT
16.11.2020

Bu gün səhər saatlarından başlayaraq Bakıya yağan güclü yağış bir sıra yollarda avtomobillərin hərəkətinə ciddi təsir edib.

Visiontv.az-ın əməkdaşının verdiyi xəbərə görə, paytaxtın Xətai, Fəhlə, Babək prospektlərində yaranan gölməçələr avtomobillərin hərəkətinə ciddi maneçilik törədib. Bununla yanaşı bəzi küçə və prospektlərdə işıqforların işləməməsi böyük tıxacların əmələ gəlməsinə gətirib çıxardıb. Avtomobillərin bir çoxu xarab olaraq yolda qalıb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi paytaxta yağan güclü yağışdan sonra yollarda yaranan gölməçələrlə bağlı sürücülərə müraciət edib. BNA sözçüsü Mais Ağayev bildirib ki, hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur:

“Bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.

Orxan Kərimov

Visiontv.az