Bakını Vətən edə bilmədik-İdris Heydərli
01.07.2020

Şərif salam, Bakı yazını oxudum. Bir "kənd uşağının" Bakısı kimi hisslərini yazmısan.

"Hansı Bakı" məsələsini təhlil etmədən,anlamadan bir Şəhərə kənd uşağı kimi baxırsan.
Bakı sənaye məkanıdır, iş yeridir
Bakı şəhər ola bilmədi,
Bakı Qaladır,
Bütün kənd uşağları Qalanı fəth etməyə gəlıb, qalanın əskərlərinə dönən fəhlələrdir,
Maştağalı da, Buzovnalı da kənd uşağıdır, Azərbaycanın hansı bölgəsindən gələn də,
Sonu Fəhlədir.
Bakı qalası Fəhlələr şəhərinə döndü,
Bu şəhərdə hamı fəhlədir.
O kəndlərdən gəlib "kəndçi" kimi yaşayanlar Bakıda fəhlə ola bilməyənlərdir,
Dinlədiyin simfoniya, getdiyin teatr, gəzdiyin bulvar fəhlələr üçün asudə vaxta hesablanan Təqliddir,
Bakı Təqlid şəhəridir.
Burda hər şeyi təqlid edərsən,
Simfoniyanı da,meyxananı da.
Şəhər nədir?
Şəhər təqlid edən deyil, Təmsil edəndir.
Bakı Qalasının son Təmsil yeri İçərişəhər idi,
O da rusların ƏbuXeyirin məzarını at tövləsi etdikdən sonra bitdi,
Bizə o tövlədən Şirvanşah sarayı miras verdilər,qardaşım.
Yazıya pozu yoxdur, yazdın.
Sadəlövh bir kənd uşağı kimi yazdın,
Sən kəndini, özünü yazarkən sevə sevə oxuyaram,
Sən Bakı yazmağı danışa bilərsən, fikir deyə bilərsən,
Yazmağa cəsarət etdiyinin yazının nəzərini müəyyən etməyə gücün çatmaz,qardaş,
Otur, oturduğun yerdə, çəkə bilməcəyin yükü çəkmə.
Bakını Mərkəz etdik, Bakını əyləncə yeri etdik, Bakını yurd etdik,
Bakını Vətən edə bilmədik.
Bir kəndlinin bir parça da olsa Vətəni,torpağı var,
Fəhlənin isə Vətəni yoxdur, Fəhlə "qul"dur, "indisini" yaşar və yatar.
Biz hələ də "fəhlə Bakı"sının sakinləriyik,
Təmsil edə biləcəyimiz Şəhər axtarırıq,
Fəhlə nankor olmaz, fəhlənin əməyi ilə alver edəndir, nankor, qardaşım.
Ya qara fəhlə oldun, ya Ağ fəhlə, Fəhləsən.
Bu da sənin yazındır,
Oxudum.

Visiontv.az