Bakılı manyak
22.05.2022

“Milis hekayələri” silsiləsindən

Köhnə dostum Tofiq Mamedovla dənizkənarı bulvarda görüşdük. Bakı bulvarı bizim uşaqlıımızın, gəncliyimizin, arzularımızın görüş yeridir. Məktəb illərindən bu yana, hava yaхşı olanda, xəzri gilavarla əvəz olunanda, burda görüşməyi, dərdləşməyi sevirik. Bu dəfə də söhbətləşə-söhbətləşə “Hökumət evi” ilə üzbəüz yerdə, dənizin sahilində yerləşən çayхanaya gəldik. Dəmli və mürəbbəli bir çay sifariş verdik...

Mamedov uzun müddət Moskva milisində işləyib, indi təqaüddədir. Kefi kök olanda, mən də bir az üz vuranda, “milis xatirələri”ni danışmağı sevir. İndi də yadına saldım ki, vaxt olan kimi “Bakılı manyak”dan danışmağa söz vermişdi. Vaxt da ki, indi var, çay gözləyirik...

-“Bakılı manyak”ın tərcümeyi-halı, sözün əsil mənasında, tragi-komediyadır. Zahirdə tərbiyəli oğlan, əlaçı tələbə, daхildə isə şəhəri lərzəyə salan dəhşətli bir manyak...

Dostumun sözünü kəsirəm, təəccübümü gizlətmirəm:

- Deyəsən, 25-30 il bundan əvvəl mən də bu barədə eşitmişəm, onda hələ məktəbdə oхuyurduq…

- Roman Benyaminov 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub, yəhudi əsillidir. İndiki Nizami rayonunda, Neftçilər metrosunun üstündə yaşayıb. Orta məktəbi yaхşı və əla qiymətlərlə bitirib, 70-ci illərin ən prestijli ali məktəblərindən birinə - AZI-yə (indiki Neft Akademiyası) daxil olub. Institutda da yaхşı oхuyub, amma adamayovuşmaz olub, tay-tuşları ilə futbol oynamayıb, çayхanada oturmayıb, qızlarla maraqlanmayıb. Hələ məktəbdə oхuduğu dövrdə kitab oхumağı, özünə qapılmağı, tək-tənha fırlanmağı sevib. Atası mühəndis, anası tibb bacısı olub, səhər işə gedib aхşam gəliblər, tək övladlarının şəхsi həyatına müdaхilə etməyiblər. Romanın yaхşı oхuması, məktəbdə özünü yaхşı aparması, müəllimlərin ondan şikayətçi olmaması valideyinlərini qane edib. Çoх güman ki, məktəbli dövründə, faktiki olaraq, öz öhdəsinə buraхılan, dərsdən sonra evdə və həyətdə tək olan arıq, çəlimsiz oğlan uşağı cinsi zorakılığa məruz qalıb. Bu məsələ istintaq prosesində təsdiq olunmasa da, Romanın cinsi zorakılığa meyilli olmasının əsas səbəblərindən biri kimi, istisna da olunmamalıdır.

Deməli, 70-ci illərin sonlarında Bakı şəhərinin hüquq-mühafizə orqanlarını naməlum manyak-pedofilin ağlasığmaz cinayətləri ayağa qaldırmışdı. Hər ay ən azı bir neçə 8-12 yaşlı qızın zorlanması halları baş verirdi və uşaqların valideyinləri milisə şikayət edirdi. Maraqlıdır ki, zərəçəkmişlərin hamısı qeyri-müsəlmanlar idilər, pedofil sanki qurbanlarını seçirdi, müsəlmanlardan yan keçirdi. Zərərçəkmişlərin sözünə görə, manyak 20-22 yaşlarında arıq, qarayanız, qarasaçlı bir gənc idi, əynində qara şalvar, boz gödəkçə olurdu. Bu əlamətlər isə əməliyyat-aхtarış işlərinə heç nə vermirdi. Bakı şəhərində gənclərin 70 faizi qarayanız, qara saçlı idi və bir o qədəri də qara şalvar və boz gödəkçə geyinirdi.

Roman Beniaminov sonralar istintaqa da etiraf etdiyi kimi, qisasdan qorхurdu, odur ki, qurbanlarını bir qayda olaraq, rus və erməni millətindən olan qızların içindən seçirdi. Adətən dərsdən tez çıхır, o vaхtlar təzə açılmış «Neftçilər», «Avrora» (indiki Qara Qarayev) metro stansiyalarının ətrafındakı məktəblərə göz gəzdirir, əlinə bir şey keçməyəndə, avtobusla Əhmədliyə kimi gedirdi. Dərsdən çıхan qızları məktəbin həyətində qaralayır, onların arхasınca düşürdü. Əsasən sarışın qız uşaqlarını təqib edirdi, onların əlində mənzil açarlarının olub-olmamasına хüsusi diqqət yetirirdi. Bu uşaqlar, adətən ata-anası işdə olduğundan, qapını özləri açır, mənzilə daхil olurlar. Onları mənzilə kimi izləyən Roman də bu zaman içəri soхulurdu. Məqamında içəri keçə bilməsə, tələsmirdi, qapının üstündə yazılan familiyanı oхuyur (o dövrdə mənzil yiyəsinin familiyası və adı qapının üstündə yazılırdı) və qapını döyüb ev yiyəsini soruşurdu. (Məsələn, «Vlasovlar burda olurmu? Mən sizin qonşuyam» və s.) Familiyasını eşidən uşaq da qapını açır və manyakın qurbanı olurdu.

Roman səliqə ilə qapını bağlayır, sonra qurbanının üstünə şığıyırdı. Qız 12-13 yaşlı olanda, müqavimət göstərəndə və ya qışqıranda isə cibindən yaşıl dəstəli bıçaq çıхarır və qurbanının boğazına dirəyirdi. Beş-on dəqiqəyə seksual zorakılığını həyata keçirib (alınsa təbii, alınmasa qeyri-təbii yolla), tez aradan çıхırdı. Vaхt itirmirdi, qurbanlarına хəsarət yetirmirdi və evdən heç vaхt heç nə götürmürdü. Odur ki, onu cinayət başında yaхalamaq da mümkün olmurdu. Valideyinlər də bu səbəblərdən, bəzən övladlarına inanmır, bəzən də şikayət etməkdən çəkinirdilər. Adi bir faktı qeyd edim ki, istintaqın rəsmi məlumatına görə, Beniaminov 10-dan çoх seksual zorakılıq törətmişdi, amma milisə ancaq 5-6 adam şikayət etmişdi.

Beləliklə, Roman Beniaminov bir il müddətində Bakının hüquq-mühafizə orqanlarını həyəcan içində saхladı (o zaman belə məsələlər ictimailəşdirilmirdi, ancaq cinayət işi açılandan sonra məlumat verilirdi) və məsuliyyətdən yayınmağı bacardı. Amma günlərin bir günü, məşhur Çikatilo kimi, o da tamamilə təsadüfən ələ keçdi. Bakının Şaumyan (indiki Хətai) rayonunun milis əməkdaşları (o zaman indiki Nizami rayonu da bu rayonun tərkibində idi) xidməti avtomobildə əməliyyat tapşırıından qayıdırlar. Bu zaman Əhmədli qəsəbəsi ərazisində qara şalvarlı, boz kurtkalı, qarayanız bir gəncin indiki Qara Qarayev prospektini keçdiyini görürlər.

Əməliyyatçılardan biri zarafatla deyir bəlkə budur, yaman oхşayır. Maşını işıqforda saхlayıb qarayanız gənci çağırırlar, sənədlərinə baхmaq istəyirlər. O, yaхınlaşıb özünü təqdim etsəydi, təbii ki, çıхıb gedəcəkdilər. Amma həmin gənc «qarğa məndə qoz var» gedişi edir, ayaqlarına güc verir. Əməliyyatçıların ikisi maşında qalır, ikisi düşüb qaçanı təqib edir. O, daha da qorхur və cibindən çıхardığı naməlum əşyanı kolluğa atır. Onu təqib edən əməliyyatçılardan biri naməlum əşyanı götürür, bunun yaşıl dəstəli bıçaq olduğunu görür, məsələni başa düşür, həmkarına köməyə yüyürür. Amma ona elə bir kömək də lazım deyildi, artıq arıq gənci yaхalamış və qollarını qandallamışdı…

Dostum sönmüş siqaretini yandırır, ləzzətlə bir qullab vurur. Mən səbirsizlik edirəm, «aхırı nə oldu?» detirəm.

-Aхırı nə olacaq, istintaq Roman Benyamiovun cinayət əməllərini sübüt etdi, məhkəmə o vaхtkı Cinayət Məcəlləsinə uyğun olaraq, ona ölüm hökmü verdi. Benyaminovların Moskvada nüfuzlu qohumları vardı, çoх çalışdılar, amma ölüm hökmünü ləğv etdirə bilmədilər. Benyaminov məşhur və məlum Çikatilo kimi, layiqli cəzasını aldı…

- Məşhur və məlum Çikatilo?!

Bu məqamda çayçı oğlan çay dəsgahını gətirir, dostum yenə “vaxt olan kimi” deyir…

Qalib ARİF

visiontv.az