Bakı və Moskva arasında mühüm anlaşma
25.06.2022

İmzalanan yeni saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında anti-Azərbaycan fəaliyyətinə ciddi zərbə vuracaq.

Azərbaycanla Rusiya arasında daha bir mühüm sahədə anlaşma əldə olunub. Belə ki, Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə imza atılıb.

İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məramına xidmət edən bu sazişin ölkəmiz üçün önəmini daha aydın anlamaq baxımından bəzi məsələlərə diqqət edək.

Sirr deyil ki, müstəqillik dönəmində olduqca geniş auditoriyası olan Rusiya mətbuatında zaman-zaman Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən, ermənilərin, Qarabağ separatçılarının maraqlarına xidmət edən informasiyalar yer alıb. Xüsusilə, 44 günlük Vətən müharibəsində Rusiyanın bir sıra KİV-ləri əsl simalarını ortaya qoyaraq qərəzli məlumatlarla, müzakirələrlə bütövlükdə iki ölkə arasındakı münasibətlərə, həmçinin haqq işimizə kölgə salan xətt tutdular. Təəssüf ki, bu yanaşma son günlərə kimi davam edib və bu, Azərbaycan dövlətinin, xalqının ciddi narazılığına gətirib çıxarıb. Ölkəmizə qarşı yalan, qərəzli məlumatlara yer ayıran Rusiya KİV-lərinin Azərbaycanda yayımının dayandırılması tələbi haqlı olaraq güclənmişdi. Təbii ki, bu çıxış yollarından biri kimi görünsə də, məsələni kökündən həll etmirdi. Bu baxımdan informasiya təhlükəsizliyi sahəsində imzalanan yeni saziş problemi əsaslı olaraq aradan qaldırmaq üçün önəmli addımdır. 

Bu sənədlə erməni lobbisinin, ermənilərin maraqlarına ciddi zərbə vurulub. Çünki ermənilərin Azərbaycana qarşı yalan tirajlayan Rusiya mətbuatında açıq fəaliyyətinə son qoyulacaq. Məhz həmin KİV-lərin bir çoxuna erməni lobbisinin nüfuz etməsi gizli məsələ deyil. Ona görə də bir çox hallarda həmin KİV-lərin Azərbaycana qarşı münasibəti Rusiyanın rəsmi siyasətinə zidd olurdu və daha çox Ermənistanın, onun lobbisinin maraqlarına uyğun, heç bir çərçivəyə sığmayan fəaliyyət ortaya qoyulurdu. 

Beləliklə, Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidlərin qarşısını alan saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın KİV-lərində Azərbaycana qarşı fəaliyyətinə ciddi zərbədir. Və bu mühüm sənədlə terrorçuluğa qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm irəliləyiş əldə edən ölkəmiz, Rusiya mətbuatında Qarabağ separatçılarının anti-Azərbaycan fəaliyyətinə hüquqi əsaslarla ciddi maneə yaratmış oldu. 

Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında yer alan hallara nəzər salaq:

▪️ dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

▪️ mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

▪️ terrorçuluğun təbliğatı və terror məqsədləri;

▪️ dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

▪️ millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

▪️ vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması;

Tərəflər bu sazişə əsasən, təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyəti təmin edəcəklər.

Qeyd olunan məqamlar bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərə əsaslanan sazişin Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığını bir daha göz önünə sərgiləyir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə qarşı qalxan olacaq bu sənəd informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məramını güdən əməkdaşlığı özündə ehtiva edir.

Elman Babayev

Visiontv.az