Bakı-Tbilisi-Qars dəmir yolunun Çin-Almaniya yeni marşrut xəttinin reallaşmasında rolu
Bakı-Tbilisi-Qars dəmir yolunun Çin-Almaniya yeni marşrut xəttinin reallaşmasında rolu
21.04.2022 Elçin Mirzəbəyli Tərəfindən

Məlum olduğu kimi, Çin Almaniyaya yeni marşrut xətti açıb. Beləliklə, Çindən daşınan yüklər dəmiryolu və dəniz nəqliyyatı vasitəsilə Xəzər və Qara dənizdən, eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə Almaniyanın Manheym şəhərinə çatdırılacaq.

Qeyd edim ki, daha öncə bu marşrut üzrə Çinlə Avropa arasında yükdaşınmaları həyata keçirilməyib və yeni marşrut üzərində yer alan ölkələr sözügedən istiqamətlər üzrə yükdaşınmalarında əsas tranzit subyektləri kimi yer almayıblar. Çinin “Juyan” beynəlxalq logistik şirkətinin meneceri Ca Minin qlobal media resurslarına verdiyi açıqlamaya görə, yeni marşrut Çinlə Avropa arasında yükdaşınmaların həyata keçirilməsində əsas ağırlıq mərkəzi funksiyasını yerinə yetirəcək, yük daşınmalarının effektivliyini artıracaq və xərcləri nəzərəçarpacaq dərəcədə azaldacaq.

Yeni marşrutun bizim üçün önəmi ölkəmizin tranzit imkanlarının genişlənməsi və Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki rolunun əhəmiyyətli dərəcədə artmasındadır. Prezident İlham Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun bu nəqliyyat layihəsinin reallaşdırılmasında əsas funksional ötürücü qovşaq rolunu oynayacağını nəzərə alsaq, o zaman yeni marşrutun ölkəmiz üçün nə qədər mühüm əhəmiyyət daşıdığını, Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrin nə dərəcədə özünü doğrultduğunu müəyyənləşdirə bilərik.

Bu məqamda, vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində maraqlı olmayan və layihənin icrasında ölkəmizə dəstək verməyən, bəzi hallarda isə mane olmağa çalışan ölkələrin də yeni marşrutdan faydalanacaqlarını xatırlatmağı özümə borc bilirəm. Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi ilə bağlı ilk sənədin 1995-ci ildə imzalandığını nəzərə alsaq, Azərbaycanın siyasi liderlərinin nə qədər strateji baxış bucağına sahib olduqlarını, mübaliğəsiz şəkildə deyə bilərik. 27 il öncə dövlətlərarası müqavilələrdə yer alan bir layihənin bu gün qlobal əhəmiyyət daşıyan bir funksiyaya sahiblənməsi dövlətlərin böyüklüyünün onların əraziləri ilə deyil, siyasi liderlərinin strateji düşüncəsinin genişliyi ilə ölçülməsinin zəruriliyini bir daha ortaya qoyur.

Siyasi şərhçi Elçin Mirzəbəyli

Visiontv.az