Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB
20.01.2020

Sumqayıtda çağrışa gedən üç təcili tibbi yardım maşını qəzaya düşüb.

Visiontv.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  təcili tibbi yardım maşını şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çağırışa gedərkən digər avtomobil tərəfindən vurulub:

“Hadisə yerinə kömək üçün gələn başqa təcili tibbi yardım maşınını da orada vurublar. Daha sonra əraziyə cəlb olunan üçüncü təcili tibbi yardım maşını vurulub. Nəticədə altısı tibb işçisi və digər bir nəfər sürücü yüngül xəsarət alıb”.

R.Əliyeva qeyd edib ki, yaralılara yerində ambulator yardım göstərilib.

01:55

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. 

Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə beş avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

İlkin məlumata görə, xəsarət alanlardan üçü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.