Bağçalarda işləmək üçün hazırda 122 vakant yer var
25.11.2022

Aprel ayından məktəbəqədər təhsil müəssisələri ilə bağlı işlər aparılır, müəyyən ilkin uğurlar da var.

Visiontv.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ən vacib məsələ məlumat sistemlərinin toplanılması və ilk dəfə mərkəzləşdirilmiş qaydada uşaqların qəbulunu aparmaqdır:

“Sistemin ilk dəfə qurulması müəyyən hansısa çatışmazlıqları, nöqsanları, ortada olan boşluqları da üzə çıxarır. Hazırda üzləşdiyimiz yeni reallıqlar üzrə çalışırıq, həll yolları tapaq. Təhsil tarixində ilk dəfə bağçalara işə qəbul üçün 4539 namizəd test imtahanında iştirak edib, 739 namizəd müsahibə mərhələsinə buraxılıb və 332 nəfəri uğur qazanıb. Hazırda 122 vakant yer var, bu səbəbdən müəyyən müsabiqə də gözlənilir”.

Nazir deyib ki, Nazirliyin tabeliyində 1634 bağça fəaliyyət göstərir:

“Bu bağçalarda 116 min şagird yeri var və 99 min uşaq qeydiyyatdan keçib. Bağçalarda boş yerlər var, amma daha çox problem valideynin arzu etdiyi bağçalarla bağlı yaranır. Bağçalarda hazırda 16 minə yaxın boş yer var”.

APA