AzTV-də “alman BOMJu” layihəsi...-Jalə Mütəllimova
02.07.2020

...və ya Samir Nemətzadənin ruhuna ithaf

Bunu nə zamansa yazacaqdım. Sadəcə hamının sakitcə dayandığı, səni dinləyə biləcəyi bir ortam olmalıydı. İndi həmin ortamdır Samir. Səni tanıyan və sevən hər kəs hüzünlüdür. Sənin vəfatınla bağlı nifrət püskürən iyrənc düşüncəlilərdən savayı. Əslində bu çalışdığın yerlə, AZTV adıyla bağlıdır həm də.

Səni geniş ictimaiətə belə təqdim elədilər təxminən: AZTV-də Almaniyanı, Avropanı dağıdanlardan biri öldü. Həyatını itirdi, dünyasını dəyişdi, rəhmətə getdi yox, məhz öldü yazdılar. Hikkə, nifrət, bir də ölümə sevgi ilə danışdılar. Gəncliyini, insanlığını, ölümündən bixəbər övladını, gənc xanımını, başına gələn dəhşətdən şok yaşayan ananı, xəstə atanı, çıxılmaz qalan qardaşını düşünmədilər. Nə qədər diş ağardıb hırıldayanlar gördüm, nə qədər qəlb işarəsi atan, sevinən, qəlbsizlərə rast gəldim sənin xəbər olduğun yazının altında məsum İNSAN! Və indi həmin ortamdır Samir! Sən ölümünlər də yaxşılıq elədin, bir olaya bəlkə də son qoyacaq bu yazını yazdırdın mənə. Ruhuna min ehtiram...

***
İndi sizə Azərbaycanın Almaniya və Avropaya açdığı informasiya “savaşının” necə iflasa uğradıldığını danışacağam. Səbirlə dinləməyiniz icab edər. Canınızda gerçək dövlət və millət sevgisi varsa təbii ki... Bəlkə bu dəfə dövlət babaya da çata bu vətəndaş, insan, yazar “üsyanım”...

***
Ölkəni illərdir ideologiyasızlaşdıranlar, həm də “yırtıcı vətəndaş” yetişdirdilər, düz bir ölkə. Təxminən özlərinə bənzəyir indi vətəndaşların xeylisi. İnsanların xəbəri olmadan onlarda vətən, millət, dövlət sevgisini məhv etdilər. Ələbaxan, deyingən, mübarizə ruhu ölmüş, qorxmuş, şəxsiyəti alçaldılmış oldu çoxu. Hə, bir də ancaq yeməyini, başını yox, mədəsini düşünən. Bir əsirdə iki cümhuriyyət quran xalqı belə “əzdilər” mənən. Bunu o qədər “səlis”, o qədər “aydın” və dürüst “işlədilər” ki, kimsə duymadı. Bir də ayılanda başa düşdülər. Onda da... nə isə mətləbdən yayınmayaq...

***
Təvazökarlıqdan uzaq olsa da bu məmləkətin o imzalarındanam ki, AZTV-nin rüşvətxor, korrupsioner dövlət qurumu imicinin dağıdılmasında çox yaxından iştirak etmişəm. Bu yöndə min əzabdan keçən ilk iki adamdan biri, binövrə qoyan “fəhlələrdənəm”. Gəl ki, sonradan həm də “vurulanlardan” oldum. Bu da alayı bir müzakirə mövzusudur ki, zamanı gələndə yazılacaq.

***
İctimai-siyasi redaksiya olaraq, AZTV-də dövlətin informasiya siyasətinin yükünü İbrahim Məmmədovla çiyin-çiyinə çəkirdik. Sizə o dönəmin AZTV-sindən danışıram ki, kameranın, mikrafonun, qarajdan çəkiliş üçün maşının, hətta məsafəli mikrafonlar üçün xırda akumlyatorların “skladdan” müxbirə verilməsinə rüşvət tələb olunurdu. Axı hamı çəkilişdən pul alırdı. Məniqlə aldığını həm də bölüşməli idin. Bizə hamı “cin vuran adam” kimi baxırdı. Çünki görmədiklərini edirdik. Ona nail olmuşduq ki, çəkilişə gedən bircə adamdan, bir abbası almaq mümkün deyildi. Və çəkilişə gedənlər də bir manat ala bilməzdilər. Bizə nifrət yox idimi? Var idi, həm də dünya boyda...

Təvazökarlıqdan uzaq olsa da qısa zaman kəsiyində redaksiya şirkətin birincisi oldu. Dövlətin rəsmi və beynəlxalq informasiya siyasətinin yükü peşəkarlardan ibarət komanda ilə quruldu (indi onlardan bir neçəsi AZTV-də yüksək vəzifə tutur). Ancaq müəyyən bir mərhələdən sonra həm AZTV-də, həm də ictimai rəydə hər şey tərsinə fırladı birilərinin əli. Necə?

İnformasiya siyasətinin aparıcılarından olan ictimai-siyasi şöbədən xəbərsiz, efirə süjetlər verildi. Qara piara belə start verdilər: “AzTV və ya AZTV-dən filankəslər, Avropanı “dağıtdı”, almanlar Bakıda yaşamaq arzusundadır”... Gülməlidir, deyilmi?

Yuxarıda qeyd etdiyim ideologiyasızlıqdan dolayı təbii ki, sıravi insanlar heç nə anlamadı. Daha dəqiq artıq adamlar bu cür ciddi informasiyaları əlinin ardı ilə geri itələyən vətəndaşa çevrilmişdi. Hansı ki, illər öncə eyni adamlar, hətta fəhlə olan vətəndaş da qazandığı qəpik-quruşun bir manatına mütləq ölkə gündəmindən xəbərdar olmaq üçün bir qəzet alırdı. Artıq insanlar başqa idi. Hər kəsin yadında məsələnin ancaq mırt tərəfi qalırdı: AZTV-də filankəs və ya filankəslər Avropanı, Almaniyanı dağıtdı...

Əslində nə baş vermişdi? Əslində bu, ciddi təşkil olunmuş “oyun” idi. Xatirinzdədirsə, o zaman bu mövzu təkcə AzTV-də əsas xəbərin hədəfi deyildi. Başqaları da Almaniyadan yazır, hətta filmlər hazırlayırdı. Amma, nədənsə AzTV və ictimai-siyasi şöbə hədəf idi. Xatırladıram, Avropa ona görə diqqətdə idi ki, 2008-2012-ci illərin qlobal iqtisadi böhranı Avropanı möhkəm “vurmuşdu”. Avro ciddi ziyan çəkirdi. Bəllidir ki, Azərbaycanın ehtiyatının yarısı avroda idi. Və dövlətin siyasətini yönəldən AZTV kimi KİV əslində bu qlobal hadisədən danışmayıb nədən danışmalı idi axı? Avropada iqtisadi böhanın təhlili və bizə təsirlərini təhlil etmək niyə qıcıq doğurur ki?
Ona görə də “Avropa dağılır” saqqızı çeynəməyi sevənlər durub etiraf edə bilmirdilər ki, kimsənin danışmadığı bu mövzunu, bir redaksiya dayanmadan işləyir. Beləcə başladılar AZTV-də “Almaniya dağılır” mahnısı oxumağa. Yəni Avrop məsələsini gündəmdən çıxarmağa, dolayısı ilə həm də dövlətin bu yöndə siyasətini aparanları mənəvi “terrora” məruz qoymağa. Hədəfə ulaşmışdılar. Avropaya müxbir gondərib, bir bomja on avro verib müsahibə almağın, “Bakıda yaşamaq istəyirəm” dedirtməyin başqa adı ola bilməzdi.

***
Bəs bu olay niyə AZTV-də və ya ondan üstə duran Avropasevərləri narahat edirdi. Yəni niyə hamıya, hətta ictimai rəyə “Almaniya dağılır” mahnısını oxudurlar illərdir?

Zaman o zaman idi ki, Almaniya NABUKKO qaz kəmərini dəstəkləyirdi. Bu kəmər Azərbaycan və Türkmənistan qazını ikinci alman dövləti olan Avstriyaya nəqlini nəzərdə tuturdu. Almaniya Rusiyadan gələn şimal xəttini nəzarətinə almışdı. NABUKKO ilə cənubdan gedən xətti də nəzarət almaq istəyirdi. Strategiya bu idi. Bu məqsədlə istəyirdi ki, Azərbaycan NABUKKO-nu dəstəkləsin və transxəzər qaz kəmərinin tikintisinə yardım etsin. Azərbaycanın isə öz problemləri vardı. Başqa tərəfdaşlar, TAP layihəsinin dəstəkləyirdi. Hesablamalar da bu layihəyə üstünlük verirdi. Odur ki, Almaniya Azərbaycana təzyiqlər edirdi. Avropa Parlamentində, Avropa Şurasında, bizə qarşı çıxışlar təşkil olunurdu. Təzyiqlərdən biri də ARD İctimai Televiziyasının Dağlıq Qarabağa gedib, oradan erməniləri təbliğ edən reportajlar hazırlamasından ibarət idi. Yəqin çoxları xatırlayır ki, Azərbaycan rəhbərliyi, o zamankı Almaniya xarici işlər nazirinə məsələ ilə bağlı etirazını da bildirmişdi.
Almaniyadan kiçik dövlət olsa da Azərbaycan bu informasiya təzyiqinə cavab verməli idi. İctimai-siyasi redaksiyanın qurduğu əks-informasiya siyasəti məsələ ilə bağlı belə idi: “Almaniya böyük və güclü dövlət kimi kiçik dövlətlərə təzyiq edərək onların milli maraqlarını öz maraqlarına tabe etdirməyə çalışır”.
Bu təbliğatın gedişində, Azərbaycan ona nail olmuşdu ki, Almaniya Aİ-da tənqid olundu. Çıxışçılar qeyd edirdi ki, Almaniya iqtisadi böhrandan istifadə edib avro zonasına daxil olan ölkələri, xüsusilə Yunanıstan, İspaniya və İtaliyanı öz nəzarəti altına alır. Yəni Almaniya Avropa ölkələrini məcbur edir ki, büdcələrini qəbul etməzdən əvvəl, onun razılığını alsınlar. Xatırlayırsınızsa Avropanın parçalanması ehtimalı üzərində illər öncə ciddi müzakirələr getmişdi. Həmin müzakirələr məhz bu çıxışlardan qaynaqlanırdı.

***
Düzü bu bir ehtimaldır, niyəsə düşünürəm ki, bu, reportajları Azərbaycandan oğurladıqlarını Almaniyada uğurla gizlədənlər təşkil etdi. Yenə də fərdi maraqlara, dövlət marağını, milli marağı qurban verdilər. Ən dəhşətlisi o idi ki, hücuma uğrayan, lağ oblekti olan ictimai-siyasi redaksiya və bizlərin, efirə verilən o reportaj və süjetdən doğurdan da məlumatımız olmamışdı. Və biz bunu kimsəyə isbatlaya bilmədi. Təbii ki, ictimai rəy qarşısında. Biz sadəcə bu məsələdə dövlətin yanında üzüağ idik. Çünki qətiyyətlə və dar imkanlarla millətimizin milli informasiya savaşının önündə durmuşduq. Bununla fəxr edirdik. Söyülsək də fəxr edirdik.
Bir onu bilirəm ki, o məqamda hündürə, lap hündürə, ən hündürə çıxıb hayqırmaq istəyirdik: Mən səni niyə bu qədər sevirəm axı, AZƏRBYACAN!.. Mən səni nə qədər qarşılıqsız sevəcəyəm, VƏTƏN! Sənə nifrət eləməyimi niyə bu qədər istəyir axı?!

Amma susduq...O qədər susduq ki, AZTV-də dünyanın ən saf, ən təmiz insanlarından biri dünyasını dəyişdi. Dövlətin apardığı sərt, bioliji müharibə, Samir Nemətzadəni aldı bizdən. Mən özümə görə udduğum, boğduğum səsi, sənə görə ucaltdım Samir! Tanrı bizə bundan belə sənin kimi insanların itkisini yaşatmasın. Tanrı Azərbaycanı qorusun!..

visiontv.az