Azərbaycanlılar nəyə görə Saakaşviliyə kömək etməlidir?-Bəybala Mirzəyev
01.08.2020

Bu gün qonşu Gürcüstanın keçmiş prezidenti və Azərbaycanın köhnə dostu Mixail Saakaşvilidən danışacayıq.

 

Mən az sonra onun bizim İctimai Televiziyaya müsahibəsində səsləndirdiyi fikirləri təqdim edəcəyəm. Gürcü siyasətçilərindən hələ indiyə qədər heç kim bizimlə bağlı bu qədər səmimi danışmayıb və Gürcüstana etdiyimiz köməklikləri heç kim onun kimi şükranlıqla etiraf etməyib. Nə Saakaşvilidən əvvəl, nədəki ondan sonra gürcü liderlərinin heç biri bizə qarşı (həm Azərbaycana qarşı, həm də Gürcüstan azərbaycanlılarına qarşı) onun qədər dürüst və ləyaqətli davranmayıb.

Baxın, Saakaşvili hakimiyyətdən gedəndən sonrakı bu son 8 il ərzində Gürcüstanın bir-birini əvəz edən hökumət başçılarının və prezidentlərinin Azərbaycana qarşı etmədiyi pislik qalmayıb. Onlar Azərbaycanın hətta 2005-ci ildə və 2008-ci ildə (yəni ki, Gürcüstan üçün ən kritik dönəmlərdə) gürcü xalqına və dövlətinə etdiyi köməklikləri də unudublar.

Lakin Saakaşvili isə unutmayıb. O, Azərbaycanın yaxşılıqlarını və yardımlarını hər fürsətdə vurğulayır.

Gəlin Mişanın son açıqlamalarını birlikdə gözdən keçirək:

"Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Çətinlik bir neçə həftə davam etdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq.

Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır.

İndiki hakimiyyət Gürcüstan azərbaycanlıları ilə oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Azərbaycanlılar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər”.

Bütün bunlar Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanın İctimai Televiziyasına müsahibəsində səmimi etiraflarıdır. Bunlar onun içindən gəlir. Heç kim onu buna məcbur etməyib.

Mən Saakaşvilinin yenidən Gürcüstanın prezidenti olmaq istəyib-istəmədiyini dəqiq bilmirəm. Ancaq bunu dəqiq bilirəm ki, Saakaşvili vaxtilə qurucusu olduğu partiyanın qarşıdakı parlament seçkilərində qalib gəlməsini istəyir. Əgər Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” Partiyası seçkidə qələbə qazana bilsə, o zaman Gürcüstanın yeni hökuməti Saakaşvilinin adamlarından ibarət olacaq.

Qonşu ölkədə parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub.

Bu seçkilərdə Gürcüstanda yaşayan soydaşlarımız Saakaşvilinin partiyasının qalib gəlməsi üçün bütün güclərini işə salmalıdırlar. Saakaşvili özü də bu məsələyə toxunaraq azərbaycanlıların son seçkilərdə İvanişvilinin rusiyapərəst hakim partiyasına deyil, müxalifətə səs verdiklərini xüsusi qeyd edib

O bildirib ki, son iki seçki zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq ölkə azərbaycanlıları müxalifətə səs veriblər:

“Mənim üçün bu, çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar”.

M.Saakaşvilinin sözlərinə görə, azərbaycanlılar Gürcüstan hökumətinə daha çox inteqrasiya olunmalıdırlar:

“Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Azərbaycanlılar təzyiqə və hədələrə rəğmən parlament seçkilərinə də əsl vətənpərvər kimi baxıb azad seçim etməlidirlər”.

Gürcüstanın sabiq prezidenti və hazırda Ukrayna Milli İslahatlar Şurasının sədri Mixail Saakaşvili azərbaycanlıların potensialına da, mərdliyinə də bələddir və ona görə də soydaşlarımıza böyük rəğbət hissilə yanaşır, onların köməyinə ümid bəsləyir.

Ermənilərin yox a, məhz azərbaycanlıların köməyinə ümid bəsləyir. İndi növbə bizimkilərindir. O, Azərbaycana və azərbaycanlılara qarşı qədirbilənlik nümunəsi göstərdiyi kimi biz də onun qədrini bilməliyik və ona kömək etməliyik.

Ermənilər isə nə Saakaşvilinin Gürcüstana qayıtmasında, nədəki onun partiyasının parlament seçkilərində qalib gəlməsində maraqlı görünmür. Çünki hazırda Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumətin və ermənipərəst prezident Salome Zurabişvilinin yürütdyü siyasət Gürcüstan ermənilərini qane edir.

Ermənilərdən fərqli olaraq azərbaycanlıların Gürcüstan hakimiyyətində baş verə biləcək dəyişikliklərə ciddi ehtiyacı var. Bu isə ilk növbədə onların payızda Saakaşvilinin partiyasını parlamentə daşıya bilməklərindən, bu partiyanın namizədlərinə həlledici qələbə qazandırmaqlarından asılıdır.

Gürcüstan azərbaycanlıları Saakaşvilinin partiyasını qalib etməklə, dolayısı yolla həm də ana vətənlərinə - Azərbaycan Respublikasına kömək etmiş olacaqlar. Çünki bu gün Gürcüstanda normal siyasi elitanın, konstruktiv və adekvat siyasi qüvvənin, Azərbaycanın dəyərini və önəmini bilən komandanın iş başına gəlməsi rəsmi Bakıya da sərf edir.

İndi zaman azərbaycanlıların qlobal düşünməli və gələcəyə hesablanmış addımlar atmalı olduqları zamandır. Xüsusən də Gürcüstan azərbaycanlıları ermənilərdən daim bir addım öndə olmağa çalışmalı və Gürcüstanın ictimai-siyasi həyatında aparıcı gücə çevrilməlidirlər.