“Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi qardaşlıq münasibətlərimizin daha bir göstəricisidir” — Bilal Dündar
29.07.2019

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir göstəricisidir.

VisionTV/az  xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. 


B.Dündar qeyd edib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir və bütün istiqamətlərdə inkişaf edir:


“Viza tələbinin ləğvi Türkiyə vətəndaşlarının Azərbaycanı daha yaxından tanımasına və turizmin inkişafına öz töhfəsini verəcək. Türkiyənin hər bir bölgəsində yaşayan sadə vətəndaş asanlıqla gəlib Azərbaycanın mədəniyyətini, tolerantlığını, necə müasir bir ölkə olduğunu görəcək. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi əsassız iddiasını alt-üst etmiş olacağıq”.


Xatırladaq ki, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün bu il sentyabrın 1-dən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.