Azərbaycanın İrana yardım ayırması ölkədə müsbət rezonans doğurdu - səfir
18.04.2020

Koronavirusla mübarizə məqsədilə Azərbaycan dövlətinin İrana 5 milyon dollar yardım ayırması ölkədə çox böyük müsbət rezonans doğurdu.

Visiontv.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Trend-ə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın 750 kilometrdən çox quru sərhədi var. Hər bir hadisənin iki ölkə münasibətlərinə təsir göstərməsi təbiidir.

C.Cahangirzadə əlavə edib ki, belə hadisələr iki ölkə arasında əməkdaşlığın artması və yaxınlaşmasına səbəb olur:

"İki ölkə xalqları və dövlətləri çətin günlərində bir-birini heç vaxt unutmayıblar. Koronavirusun yayılması faciəsi də istisna deyil. Yüksək səviyyəli rəsmiləri arasında təmaslar və danışıqlarda qardaşlıq və həmrəylik ruhunun şahidi olmuşuq. Şübhəsiz ki, bu ağır günlər də arxada qalacaq. İki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri normal vəziyyətə dönəcək".

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma halı fevralın 19-da qeydə alınıb. Ötən günədək (17 aprel) İranda 79 494 nəfərin koronavirusa yoluxması, 4 958 nəfərin ölməsi və 54 064 nəfərin sağalması təsdiqlənib.