"Azərbaycanın beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemindəki əhəmiyyəti artır"
"Azərbaycanın beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemindəki əhəmiyyəti artır"
03.06.2022 Nəsib Məhəməliyev Tərəfindən

ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu ölkəmiz üçün bir çox müsbət məqamlarla yadda qaldı.

Əsas məqam isə ondan ibarətdir ki, ABŞ Azərbaycanın beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemindəki əhəmiyyətini və rolunu dərk edir. ABŞ, eyni zamanda, 44 günlük Vətən müharibəsinin nəticələrini və Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir, bu davranış da olduqca müsbət haldır.

Visiontv.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat deyib: “Müasir dünyada genişmiqyaslı müharibə aparmaq, hətta haqlı olsan belə, beynəlxalq birlik tərəfindən yaxşı qarşılanmır. Müharibəni başlayan dövlət beynəlxalq birlik tərəfindən ciddi sanksiyalarla üzləşir. Etiraf etməliyik ki, belə bir təhlükə ilə Azərbaycan da qarşılaşa bilərdi. Ancaq tam məsuliyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasi gedişləri və onun beynəlxalq nüfuzu ölkəmizi bəlalardan qorudu. Dünya ermənilərinin və onlara himayədarlıq edənlərin ciddi səylərinə baxmayaraq, Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadı. Əksinə, müharibədən sonra, həm dövlət, həm də xalq olaraq beynəlxalq müstəvidə nüfuzumuz daha da artdı”.

O qeyd edib ki, Azərbaycanın transmilli layihələrdə, terrorizmlə bağlı mübarizələrdə iştirakı, qlobal və regional bazarların sabitləşdirilməsindəki rolu, Avropa İttifaqının enerji təhlükəsizliyində və müharibə aparan Ukraynanın yanacaqla təminatında verdiyi töhfələrin xüsusi qeyd olunması ölkəmizə olan diqqətin bariz nümunəsidir.

“ABŞ dünya siyasətinin aparıcı dövlətidir. Belə bir güclü dövlətlə 30 il ərzində düzgün, bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında formalaşdırılmış sabit münasibətlərin qurulması, hesab edirəm ki, diplomatiyamızın uğurudur. Təbrik məktubunda məhz bu amilləri nəzərə alan C.Bayden gələcəkdə də davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqliyini ifadə edir”, - deyə N.Məhəməliyev vurğulayıb.