Azərbaycanın atdığı hər addım Ermənistanda gündəmi dərhal dəyişir - Elçin Mirzəbəyli
Azərbaycanın atdığı hər addım Ermənistanda gündəmi dərhal dəyişir - Elçin Mirzəbəyli
09.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

Azərbaycanın atdığı hər addım Ermənistanda gündəmi dərhal dəyişir, bütün diqqət rəsmi Bakının işarə etdiyi istiqamətdə yönəlir. Ermənistan mediası, parlamenti ölkənin çoxsaylı problemlərini bir kənara qoyaraq, Azərbaycanın atdığı addımların, onların qavrama səviyyəsinə görə, ehtimal olunan nəticələrini müzakirə edirlər.

Azərbaycanın Türkiyədən alacağı silah-sursat və hərbi texnika,  bütün bunlara xərclənən vəsait, Xudavəng məbədinə öncədən icazə almayan ermənilərin buraxılmanası, fransız jurnalistlərlə bağlı olay və s. ermənilərin iqtidarlı-müxalifətli müzakirə etdiyi əsas məsələlərdir. Hətta Robert Köçəryanın az qala bütün internet resurslarında canlı yayımlanan məhkəməsi də bu reallığı dəyişə bilmir.

Qeyd edim ki, bütün bunların fonunda Ermənsitanda qondarma rejimin statusunun həqiqətən də cəhənnəmə vasil edildiyini dilə gətirənlərin sayı da durmadan artır.

Ermənistan Respublikaçılar partiyası sədrinin müavini Armen Aşotyanın qənaətinə görə, Azərbaycan addım-addım öz hədəflərinə çatır. Sitat: "Biabırçı kapitulyasiyadan sonra Ermənistan dövlətçiliyinin ləğvi təhlükəsi yaranıb. Məlum olduğu kimi, 10 noyabr bəyanatına bizim üçün ən vacib məsələ - “arsax”ın (söhbət qondarma rejimdən gedir –E.M.) statusu ilə bağlı heç bir söz yer almayıb. Məsələnin guya müəyyən müddətə “dondurulduğu” deyilsə də, bu bizə elə gəlir. Azərbaycan addım-addım status məsələsini öz xeyrinə dəyişir”.

Armen Aşotyan daha sonra deyir ki, “müdafiə ordusu” ilə bağlı məsələ, xaricilərin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa buraxılmaması “Arsax”ın “ərazi itkisindən” funksional itkisinə gətirib çıxarıb. Əslində, Ermənistan Müfadiə Nazirliyinin çağırışçılarla bağlı son qərarı Aşotyanın separatçıların “müdafiə ordusu” ilə əlaqədar əndişəsinin yersiz olmadığını göstərir. Artıq Ermənistanda qış çağırışı başlayıb və bəyan edilib ki, Ermənistan vətəndaşları yalnız ölkənin sərhədləri daxilindəki hərbi hissələrdə xidmət edəcəklər... Separatçıların bir hissəsi ağızları köpüklənə-köpüklənə Ermənistan Müdafiə Nazirliyinin bu qərarını “müdafiə ordusu”na peşəkarların cəlb ediləcəyi ilə əlaqələndirməyə çalışsalar da, buna ötən il noyabrın 10-da imzalanan bəyanatın tələblərinin və şübhəsiz ki, Azərbaycanın imkan verməyəcəyi şübhə doğurmur.

Əslində Nikol Paşinyanın İrəvanda quyruğu və qulaqları kəsilmiş separatçı iti Araiklə görüşündə öna infrastruktur layihələri ilə bağlı təlimatlar verməsi də sübuta yetirir ki, “müdafiə ordusu”nun cəhənnəmdən geri qaytarılması imkansızdır.

Ermənistan parlamentində isə bir neçə il sonra Azərbaycanın Rusiya sülhməramlılarını öz ərazisindən çıxaracağı ilə bağlı isterik bəyanatlar səslənir. Erməni deputatlar, bunun qarşısının alınması üçün hər hansı bir mexanizmin olmadığını bildirirlər. Parlamentin gündəliyinə salınan 16 məsələnin heç birinin 44 günlük müharibənin nəticələri ilə yaxından-uzağa əlaqəsi yoxdur. Amma birinin var – təfərrüatları bəlli olmasa da Ermənistanın dövlət sərhədi haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi sərhədyanı bölgələrdə yeni dəqiqləşdirmələrin ola biləcəyi ehtimalını yaradır.

Ermənistanın gündəmi barədə bu qədər... Amma bu gündəmi real olmayan çağırışlara kökləmək və Ermənistanın informasiya məkanını daim pressinq altında saxlamaq, düşünürəm ki, daha məqsədəuyğun olardı...

Visiontv.az