Azərbaycandakı dini konfessiyaların rəhbərləri dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib
24.07.2020

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian dini icmasının sədri Robert Mobili dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edib.

QMİ-dən Visiontv.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırırıq.  

Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu mülki şəxsləri hədəf seçən bu cinayəti törədənlərə qarşı adekvat münasibət göstərilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq”.