Azərbaycanda söz azadlığına yox, get-gedə qiymətdən salınan, sözə təhlükə var
Azərbaycanda söz azadlığına yox, get-gedə qiymətdən salınan, sözə təhlükə var
21.12.2021 Sahib Alıyev Tərəfindən

Dünən Milli Məclisdə "Media haqqında" qanunun ikinci oxunuşu idi.

Mən yenə də çıxış edərək ikinci oxunuşun tələblərinə uyğun şəkildə bir sıra təkliflərimi verdim.  Müəyyən məsələlər vardı ki,  vaxt azlığından onları  çatdırmaq mümkün olmadı.

Qısaca onu deyim ki,  bu qanun bəzilərinin təqdim etməyə çalışdıqları kimi heç də  söz azadlığı üçün təhlükə yaratmır,  belə demək mümkünsə, ölkənin  media təsərrüfatında müəyyən səhman yaratmaq , burada meydana çıxan çeşidli münasibət formalarını tənzimləmək və necə yanaşıldığını, hansı vəziyyətə düşdüyünü yaxşı bildiyimiz  jurnalist peşəsini müəyyən qədər  prestijə mindirmək məqsədi daşıyır, vəssalam.

Və mənim fikrimcə,  hazırda bizim üçün ən aktual olan söz azadlığı məsələsi deyil. Əgər  əhalinin 80 %-nin internetə çıxışı varsa,  gündəlik informasiya ehtiyaclarını daha çox və yaxud da tam şəkildə  oradan ödəyənlərin sayı durmadan artırsa( yeniyetmə və gənclər arasında bu göstərici artıq 80-85%-dir),  informasiya istehlakçılarının da əhəmiyyətli qismi onun  istehsalçısı kimi də çıxış edirlərsə,  belə bir vəziyyətdə söz azadlığı yox, söz özü  təhlükədə olur və təhlükəli olur.

Üstəlik o da sirr deyil ki,  media məkanı internet üzərindən ən çox  informasiya basqısına məruz qalan ölkələrdən biri də Azərbaycandır. Və  bu basqının arxasında ayrı-ayrı ölkələrin bəlli strukturları dururlar.

Bax, bunun qarşısı alınmalıdır.  Ona görə də biz internet üzərindən reallaşdırılan bütün əməliyyatları tənzimləyən,  sosial şəbəkə, messencerlər, saxlanc xidmətləriylə bağlı qabaqcıl ölkələrin təcrübəsinə dayanan qanunun qəbulu üzərində düşünməliyik.
Özlərini  bu sahənin bilicisi və təəssübkeşi  kimi  təqdim edərək  "Media haqqında" yeni qanun layihəsi ətrafında  səs-küy qaldıranlar yaxşı olar ki, diqqətlərini məhz belə məsələlərə yönəltsinlər. Bir daha vurğulayıram,  Azərbaycanda söz azadlığı üçün elə təhlükə yoxdur,  amma get-gedə qiymətdən salınan,  sözə təhlükə var.

Millət vəkili Sahib Alıyev

Visiontv.az