Azərbaycan və Uruqvayın xarici işlər nazirlərinin görüşü olub
01.05.2019

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlcə nazirlərin təkbətək görüşü olub.

 

Sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Söhbət zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.

 

Nazir Elmar Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq, onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

 

Rodolfo Nin Novoa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğundan və Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu bildirib. O, ölkələr, xalqlar arasında xoş məramlı təmasların vacibliyini vurğulayıb və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan edib.

 

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söyləyib. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada salıb. Uruqvayın Azərbaycan ilə kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndirildiyini qeyd edib.

 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürünü ifadə etdi. Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun bir şəkildə həll olunmasının önəmini vurğulayıb və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyinin bununla eyni olduğunu razılıqla ifadə edib.

 

İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir Elmar Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hazırda baxılmaqda olduğunu və Rodolfo Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş"in imzalanacağını məmnuniyyətlə səsləndirib.

 

Nazir Elmar Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək, həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Görüş əsnasında, həmçinin ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.