Azərbaycan tərəfi yol yox, məhz dəhliz istəyir
Azərbaycan tərəfi yol yox, məhz dəhliz istəyir
08.12.2021 Elbəyi Həsənli Tərəfindən

Ermənistan Zəngəzur dəhlizinin açılmasında qətiyyən maraqlı deyil. Açıq şəkildə dirəniş göstərir.

Azərbaycan tərəfi isə təkidlə öz istəyinə nail olmağa can atır. Türkiyə də bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirir.
Mənim baxışıma görə, Zəngəzur dəhlizi məsələsi Dağlıq Qarabağ probleminin həlli qədər önəmli bir məsələdir. Erməni politoloqlar az qala xorla qeyd edirlər ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın Türkiyə və Azərbaycanın nəzarəti altına keçməsi deməkdir.
Ermənistan əslində Zəngəzur dəhlizi marşrutunda  Azərbaycana yol verə biləcəyini dilə gətirir. Ancaq Azərbaycan tərəfi yol yox, məhz dəhliz istəyir. Dəhlizlə yolun fərqi nədir? Fərq ondadır ki, tutaq ki, Zəngilandan çıxan Azərbaycan maşınları və qatarları Ermənistan ərazisində heç bir yoxlanışdan keçmədən Naxçıvana daxil olur. Yol isə tam fərqli məsələdir. Məsələn,  Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurub, Yol Polisi fəaliyyətdədir. Təxminən belə bir haqqa Ermənistan Zəngəzurda sahib olmaq istəyir. Azərbaycan tərəfi (elə Türkiyə də) bunun əleyhinədir...

Zəngəzur dəhlizini açmaq üçün Azərbaycan Ermənistana qarşı hansı təzyiq vasitələrindən istifadə edə bilər? Bəziləri deyir ki, biz Zəngəzuru hərbi yolla almalıyıq. Düşünürəm ki, bu, yanlış yoldur.

Ermənistana ciddi təzyiq göstərmək üçün 2 variant var. Biz bu varintlardan ayrı-ayrılıqda və ya eyni vaxtda istifadə edə bilərik. Yəni qərar situasiyaya bağlı olaraq verilməlidir.

1. Qazax rayonunun Ermənistan işğalı altında qalan 7 kəndinin geri qaytarılması. Azərbaycanın hərbi yolla bu kəndləri geri qaytarmasının beynəlxalq təpki ilə qarşılaşması ehtimalı çox aşağıdır. Yəni bu kəndlərin Azərbaycana məxsus olması mübahisə doğurmur.  Ermənistanı Gürcüstanla birləşdirən strateji yol məhz bu kəndlərdən keçir. Yəni bu kəndlərin geri alınması Ermənistanın Gürcüstanla əlaqəsinin kəsilməsi deməkdir. Bu isə Ermənistana fəlakət vəd edir.

2. İkinci məsələ isə Laçın dəhlizi ilə bağlıdır. Azərbaycan birmənalı şəkildə bəyan etməlidir ki, Zəngəzur dəhlizi açılmayacağı təqdirdə ermənilərin Laçın dəhlizindən istifadə etməsinə imkan verilməyəcək.

Elbəyi Həsənli

Visiontv.az