Azərbaycan Respublikası Milli Pararlimpiya Komitəsində (MPK) Boccia üzrə milli komandanın üzvləri ilə görüş keçirilib
05.04.2019

Azərbaycan Respublikası Milli Pararlimpiya Komitəsində (MPK) Boccia üzrə milli komandanın üzvləri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Milli Pararlimpiya Komitəsində (MPK) Boccia üzrə milli komandanın üzvləri ilə görüş keçirilib. Görüşdə MPK prezidenti İlqar Rəhimov, Azərbaycan Boccia Federasiyasının (ABF) vitse-prezidenti Vüqar Əsgərov, komitənin birinci vitse-prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov və ABF-nin baş katibi, Boccia komandasının baş məşqçisi İlham Məhərrəmov iştirak ediblər.
Tədbiri açan MPK prezidenti İlqar Rəhimov Boccia komandasının Zaqrebdə keçirilən açıq regional çempionatda bürünc medala layiq görüldüyünü xatırladıb. Yarışın çox çətin mübarizə şəraitində keçdiyini, rəqib komandalar arasında paralimpiya çempionları olduğunu qeyd edib. Bununla belə komandamızın uğurlu çıxış etdiyini, çətin rəqiblərlə mübarizədən uğurlu nəticələrlə qayıtdıqlarını qeyd edib.
“Professional idmanda kifayət qədər çətinliklər də var. Sizin məqsədiniz vətənimizi layiqincə təmsil etmək və medal qazanmaqdır. Bu istiqamətdə çox çalışmalı və peşəkar idmançılara xas olan ən müsbət keyfiyyətləri özünüzdə cəmləşdirməlisiniz”, - MPK prezidenti qeyd edib. 
Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti Vüqar Əsgərov öz növbəsində bildirib ki, ölkəmizin Boccia komandası bir ildir ki, formalaşıb. Bu müddət ərzində komandamızın kifayət qədər uğurları olub. Uğurlarla yanaşı, üzərində işləməli olduğumuz məqamlar da mövcuddur. Hazırda əsas məqsəd məsələləri dəyərləndirmək və Boccia idman növünü daha da inkişaf etdirmək istiqamətində iş görməkdir.
Komandanın baş məşqçisi İlham Məhərrəmov, kapitan Bəhruz Mirzəyev və komandanın üzvləri Xəyal İslamov, Zaur Veysəlov çıxış edib. Onlar qarşıda qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da intensiv şəkildə məşqlərə davam edəcəklərini vurğulayıblar.

 

mys.gov.az