“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi üzrə görüş keçiirlib
29.06.2022

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş qismində iştirak etdiyi “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi üzrə növbəti görüş keçirilib.

Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu layihə çərçivəsində baş tutan görüşdə Azərbaycan Respublikası təhsil nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərin rəhbərləri, o cümlədən Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov və digər səlahiyyətli şəxslər iştirak ediblər. Görüş Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihə üzrə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi məqsədilə təşkil olunub.

Tədbiri giriş nitqi ilə açan BBU-nun rektoru İbad Abbasov görüşün məqsədi və layihənin icrası istiqamətində həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Təhsil nazirinin müavini İdris İsayev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatları vurğulayaraq sözügedən sahədə keyfiyyətin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin əhəmiyyətini önə çəkən İdris İsayev nəzərdə tutulan tədbirlər nəticəsində ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsinə nail olunacağını bildiirb. Nazir müavini həmçinin, Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin ali təhsil müəssisələri arasında əldə olunmuş uğurların bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin verilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından faydalı olacağını nəzərə çatdırıb. Rektorlar Konfransının tərkibində təklif edilən komitələrin təhsil strategiyasına uyğun olduğunu da deyən İdris İsayev ali təhsil müəssisələrinin layihədə yaxından iştirakının təhsil sisteminin yüksək pilləsi olan ali təhsil sistemi üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu qeyd edib.

Layihənin koordinatoru BBU-nun Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin məqsədi, hədəfləri və fəaliyyət planı, bu çərçivədə indiyə qədər yerinə yetirilən işlər, eyni zamanda ali təhsil müəssisələri arasında aparılan tədqiqatlar və nəticələri barədə danışıb.

Görüşdə BMU rektoru Havar Məmmədovla yanaşı çıxış edən digər natiqlər, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov da ali təhsilin inkişafına yönələn hədəflərə nail olunması baxımından layihənin xüsusi önəm kəsb etdiyini bildiriblər.

Tədbirdə Rektorlar Konfransının strukturu, fəaliyyət mexanizmi və digər məsələlərlə bağlı verilən təkliflər müzakirə olunub. Müzakirələrdə təhsil nazirinin müşaviri Nicat Məmmədli Rektorlar Konfransının real nəticələr əldə etməklə, beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya yolunda mühüm vasitə olduğunu və bu istiqamətdə layihənin uğurla həyata keçirildiyini qeyd edib.

Görüş təhsil nazirinin müavini İdris İsayevin layihənin icrası üzrə verilən ümumi təkliflərlə bağlı fikirləri və yekun nitqi ilə başa çatıb.

Visiontv.az