Azərbaycan qazının nəqlini nəzərdə tutan IGB-nin istismar vaxtı məlum oldu
09.03.2020

Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarının başlanması 2021-ci ilin ikinci rübündə gözlənilir.

Visiontv.az xəbər verir ki, bu barədə Trend-ə "IGB" layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O qeyd edib ki, interkonnektorun tikintisinə 28 oktyabr 2019-cu ildə başlanılıb və tikinti işləri 18 ay davam edəcək.

T.Georgiyevanın sözlərinə görə, boru kəmərləri bölmələrinin qəbulu və saxlanması üçün nəzərdə tutulmuş ilk boru anbarı, həmçinin Bolqarıstan ərazisində trass düşərgəsi artıq hazırdır və artıq kinci boru anbarı tikilir.

"Bolqarıstanda interkonnektor marşrutu boyunca ərazinin təmizlənməsi davam edir. 26 fevral 2020-ci ilə qədər ümumi uzunluğu 17,682 min metr olan Bolqarıstan sahəsindəki kəmər üçün nəzərdə tutulmuş 1,224 min boru ölkəyə gətirilib", - icraçı direktor deyib.

O bildirib ki, layihə üzrə əsas tenderlər artıq başa çatıb və müqavilələr imzalanıb.