Azərbaycan qalib ölkə kimi real vəziyyəti dəqiqləşdirməlidir - Azər Qasımov
06.03.2021

Azərbaycan müharibədən qalib çıxmış ölkə kimi real vəziyyətə göstərdiyi reaksiyanı dəqiqləşdirməlidir. Real vəziyyət budur ki, Azərbaycan qalib ölkədir və vəziyyətə də biz nəzarət etməliyik. Bu nəzarət istər hadisələrin cərəyan etdiyi oyun sahəsində və eyni zamanda, siyasi masada da özünü göstərməlidir. Arxa planda reallıq başqa ola bilər; Rusiyanın pərdə arxasındakı təzyiqləri, sülhməramlıların bölgəyə yerləşmə şərtləri və s. Amma real şəraitdə hadisələrə diktə edən tərəfin Azərbaycan olduğu gerçəkliyi qaçılmazdır. Hər kəsin gözü önündə Rusiya Azərbaycana diktə şərtlərini irəli sürə bilməz və sürməsi də mümkün deyil.

Bu vəziyyəti nəzərə alaraq Azərbaycanın Rusiyaya qarşı çəkingən hərəkət etməsi köhnə fikirli siyasətin davamı və yeni reallığa uyğun gəlməyən haldır. 

Bu, bizim bir çox siyasətçilərin fikirlərində özünü göstərir və belə hesab edirlər ki, biz Rusiya ilə yaxın aylarda olmuş hadisələrə rəğmən yenə də ehtiyyatlı və səbrli davranmalıyıq. Ehtiyyatlı davranmağımız bizim 27 ilimizi aldı, amma bir nəticəsi olmadı. Azərbaycan yeni formalaşan geosiyasətin bizə verdiyi imkanın hesabına torpaqlarını geri ala bildi və bunda Rusiyanın heç bir müsbət rolu olmadı. Bu baxımdan biz bu reallığı unutmamalıyıq. 

Azərbaycan əgər müharibədə qalibdirsə, keçmiş təfəkkürlü siyasətçilərin istədiyi kimi Rusiyaya qarşı ikiüzlü siyasət yürütməkdən əl çəkməli, hər şeyi öz adı ilə adlandırmalıdır. 

Rusiya forpostu olan Ermənistana heç nə edə bilmir, biz nədən çəkinməliyik? Müharibədən öncəki illər bizə müharibə etsəniz Rusiyanın Gürcüstana etdiklərini misal gətirən rus "siyasətçi və hərbçiləri" hardadırlar, gözə dəymirlər? Bu reallığı rus belə başa düşdüyü halda, bizim yenidən köhnə təfəkkürlə hərəkət etməyimiz, hələ də bizim yeni geosiyasi reallıqları bir çoxlarımızın anlamadığı anlamına gəlir. 

Bir şeyi başa düşməliyik ki, biz qalib ölkəyik, burda bizim sözümüz keçməlidir!

Visiontv.az