Azərbaycan Prezidenti: "Biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik"
15.02.2020

Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edərkən deyib.

Dövlət başçısı bildirib ki, bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir: "Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək".