“Azərbaycan ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”
03.01.2019

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orduya göstərdiyi qayğı göz qabağındadır. Azərbaycan əsgərinin təminatı yüksək səviyyədədir. Bunu xalq da görür. Tam məsuliyyətimlə deyirəm, Azərbaycan ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar.

Visiontv.Az report-a istinadən xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, hərbi hissələrdə "Açıq qapı" günləri təşkil edilir, burada əsgərlərin şəraiti, özlərinin vəziyyəti ilə tanış olmağa imkan yaradılır: "Yəni əsgər harada yatır, nə yeyir, bir sözlə necə təmin olunur...".

Z.Həsənov "Real TV"yə müsahibəsində bildirib ki, orduda təminat məsələlərinə mülki şəxslər baxırlar: "Hazırda 20 minə yaxın mülki şəxs orduda təsərrüfat işləri ilə məşğul olur. Onlar qab yuyurlar, yemək bişirirlər, camaşırxanalarda işləyirlər. Bu həm də iş yeridir. Digər tərəfdən də bu, əsgərləri təsərrüfat işlərindən ayırraraq döyüş hazırlığına yönəltməkdir. Əsgərlər bütün təsərrüfat işlərindən ayrılıb. Hələlik ön xəttə buna imkan yoxdur, amma mərhələli şəkildə bunu həll edəcəyik. İnanıram ki, 2019-cu ildə bu məsələ tam başa çatacaq. "Açıq qapı" elan edirik ki, gəlib baxsınlar, görsünlər. Biz özümü reklam etmirik. Biz gərək əsgərlərimizi təbliğ edək".